Paşinyan növbəti dəfə istefa verəcəyini dilə gətirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə vətəndaşları referendumda yeni Konstitusiya layihəsini dəstəkləməsələr, istefa verəcək.
News24.az xəbər verir ki, Paşinyan bu barədə “Instagram” hesabında paylaşım edib.
Hazırda hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının parlamentdə referendumun təyin olunması üçün altı səsi çatmır. Buna görə də Paşinyan müxalifət deputatlarını referendumun keçirilməsinə səs verməyə çağırıb. O bildirib ki, Konstitusiyanın taleyini xalq özü həll etməlidir.
Baş nazir vurğulayıb ki, referendumda vətəndaşlar yeni sənədin qəbuluna qarşı səs versələr, istefa verəcək və vəzifəsini tərk edəcək.
Layihənin seçicilər tərəfindən dəstəklənəcəyi təqdirdə isə Paşinyan səlahiyyət müddətinin sonunadək vəzifəsində qalacağını, Azərbaycanla sülh sazişinin yekunlaşdırılması və institusional baxımdan möhkəmləndirilməsi istiqamətində işi başa çatdıracağını bildirib.
Bununla yanaşı, o, növbəti parlament seçkilərində baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcəyinə söz verib.