İran prezidentinin etirafı, yoxsa Qərbə ünvanlanmış gizli mesaj? - Xəzinə boşalır, etirazlar artır
23 Nov 2026, 11:37
1 baxış
Admin
İran ətrafında davam edən gərginlik bu ölkəni ağır duruma salıb. Artıq vəziyyət o həddə çatıb ki, ən yüksək ranqlı İran rəsmiləri belə həyəcan təbili çalmağa başlayıblar.
“Bakupost” xəbər verir ki, hətta İran Prezidenti Məsud Pezeşkian da daxildə vəziyyətin həddindən artıq acınacaqlı olduğunu etiraf edib.
“Dollar əldə etmək üçün neft sata bilmirik, gəlirimiz yoxdur, zavodlarımız bağlanıb, artıq vergi də yığa bilmirik.
"Daha pulumuz yoxdur, nəticədə insanlar küçələrə çıxaraq etiraz edirlər", - Pezeşkian bildirib.
Konfliktoloq Azər Hüseynov “Bakupost”a bidirib ki, Pezeşkianın səsləndirdiyi fikirlər, əslində, daha çox beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi mesaj təsiri bağışlayır:
“Bu mesajın arxasında dayanan əsas məna ondan ibarətdir ki, İran neftini satmalıdır. Əks təqdirdə, ölkə daxilində iqtisadi problemlər daha da dərinləşə, sosial narazılıqlar arta və hakimiyyət ciddi daxili təzyiqlərlə üzləşə bilər”.
Ekspertin sözlərinə görə, Pezeşkianın açıqlamasını bu kontekstdə oxuduqda, İranın qarşısında duran əsas çıxış yolunun iqtisadi blokadanın aradan qaldırılması və neft satışına imkan yaradılması olduğu mesajının verildiyi hiss olunur: “Başqa sözlə, Tehran beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır ki, mövcud iqtisadi məhdudiyyətlər davam edərsə, bunun ölkə daxilində ciddi siyasi və sosial nəticələri ola bilər.
Son dövrlərdə Hörmüz boğazı istiqamətində hərəkət etməyə hazırlaşan İran neft tankerləri ilə bağlı məlumatlar da bu kontekstdə diqqət çəkir. Əgər həmin gəmilər blokadanı yarmaq və ya neftin ixracını təmin etmək məqsədilə hərəkətə keçərsə, onların ABŞ tərəfindən saxlanılması və ya onlara müdaxilə edilməsi ehtimalı yeni gərginlik yarada bilər. Belə bir vəziyyətdə İran bu hadisəni ABŞ-nin bölgədəki hərbi mövcudluğuna və bazalarına qarşı mümkün addımlarını əsaslandırmaq üçün siyasi arqumentə çevirə bilər”.
Bu səbəbdən müsahibimiz hesab edir ki, Pezeşkianın açıqlamasını yalnız İranın daxili iqtisadi vəziyyətinin təsviri kimi qiymətləndirmək düzgün olmaz:
“Bu, eyni zamanda, beynəlxalq ictimaiyyətə ünvanlanan xəbərdarlıq və İranın neft ixracını bərpa etmək niyyətinin siyasi müstəvidə ifadəsi kimi də dəyərləndirilə bilər”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az