Ermənistanın yeni Konstitusiyasında Qarabağ və " Erməni soyqırımı" ilə bağlı istinad yoxdur
Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə heç bir istinad yoxdur.
News24.az xəbər verir ki, hazırkı Konstitusiyada bu sənədə istinad edən aşağıdakı abzas yer alır:
“Erməni xalqı erməni dövlətçiliyinin fundamental prinsiplərini və ümummilli məqsədləri özündə əks etdirən Ermənistanın Müstəqillik Bəyannaməsini əsas götürərək, azadlıqsevər əcdadlarının suveren dövlətin bərpası ilə bağlı müqəddəs arzusunu həyata keçirərək, vətənin möhkəmləndirilməsi və çiçəklənməsi naminə fəaliyyətə sadiq qalaraq, nəsillərin azadlığını, ümumi rifahını və vətəndaş həmrəyliyini təmin etmək, ümumbəşəri dəyərlərə sədaqətini təsdiqləmək məqsədilə Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir”.
Müstəqillik Bəyannaməsində isə Qarabağ və erməni soyqırımı məsələlərinə toxunulur.
Belə ki, sənəddə Ermənistan SSR Ali Sovetinin Ermənistan xalqının vahid iradəsini ifadə etdiyi, erməni xalqının taleyi qarşısında məsuliyyətini dərk etdiyi və tarixi ədalətin bərpasını qarşısına məqsəd qoyduğu bildirilir.
Bəyannamədə həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin prinsiplərinə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına əsaslanıldığı qeyd olunur.
Sənəddə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurasının Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında birgə qərarına da istinad edilir.
Bəyannamədə Ermənistanın müstəqil dövlətçiliyinin bərpası prosesinin başlanması elan olunur.
Bundan əlavə, sənədin 11-ci bəndində deyilir:
“Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.
Qeyd olunur ki, yeni Konstitusiya layihəsində parlament idarəetmə forması saxlanılır.
Erməni Apostol Kilsəsi ilə bağlı müddəa isə dəyişdirilmədən qorunub.