Ayı sakinlərə hücum etdi
Buryatiyada meşədə ayı iki yerli sakinə hücum edib.
News24.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Xara-Şibir ulusu yaxınlığındakı meşəlik ərazidə baş verib. Kişilər itkin düşən buzovları axtararkən iri ayının hücumuna məruz qalıblar.
Məlumata görə, ayı əvvəlcə onlardan birinə hücum edib. Digər şəxs silahla atəş açaraq heyvanın diqqətini özünə yönəldib. Daha sonra birinci hücuma məruz qalan şəxs tüfəngini götürərək ayıya atəş açıb və onu zərərsizləşdirib.
Bundan sonra onlar kömək çağırıblar. Müxtəlif xəsarətlər alan şəxslər Ulan-Udedəki xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.
Qeyd edək ki, 2026-cı ilin avqust və sentyabr aylarında Rusiyanın müxtəlif bölgələrində ayıların insanlara və yaşayış məntəqələrinə yaxın ərazilərə hücumları ilə bağlı bir sıra hadisələr qeydə alınıb.