Hər 100 doğuşa 99 abort düşür: Azərbaycandakı dəhşətli rəqəmin PƏRDƏARXASI
18 Sep 2026, 13:50
2 baxış
Admin
Son 15 ildə Azərbaycanda abort halları 30 faizə qədər artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda 95 875 doğuş və 95,1 min abort qeydə alınıb. Bu isə onu göstərir ki, ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür.
Maraqlıdır ki, 2010-cu ildə 1 milyondan çox abortun qeydə alındığı Rusiyada 2025-ci ildə abort sayı 64 faiz azalaraq 235 minə düşüb. Ötən il Gürcüstanda 11 800 abort qeydə alınıb ki, bu da 26 faiz azalma deməkdir. Ermənistanda abort statistikası 23 faiz geriləmə ilə 18,7 min təşkil edib.
Qonşu müsəlman ölkələrində isə əksinə, Azərbaycanda olduğu kimi, abortların sayı artmaqda davam edir. Qardaş Türkiyə ötən il 74 min abort həyata keçirilib ki, bu da 2010-cu illə müqayisədə 80 faiz artım deməkdir. İranda da anoloji vəziyyət hökm sürür. Bu ölkədə 2025-ci ildə abort halları 61 faiz artaraq 305,2 minə yüksəlib.
Görəsən, hansı amillər Azərbaycanda abort hallarının sayının artmasına rəvac verir?
Tibb elmləri doktoru Adil Qeybulla “Bakupost”a bildirib ki, Azərbaycanda abortların sayının son 15 ildə 30 faiz artmasının özü real rəqəm deyil:
“Xeyli sayda gizli abortlar qeydiyyata alınmır”.
A.Qeybulla düşünür ki, belə durumun yaranmasının bir səbəbi də cinsi həyatın normadan artıq gəncləşməsidir:
“Xüsusən də qızlar arasında. Ona görə də hamilə qalma halları yetərincədir. Onların çoxu da gizli xarakterli abortlardır”.
İkinci amil isə müsahibimiz hesab edir ki, oğlan övladın dünyaya gəlməsinin istənilməsidir:
“Sovet dövründən üzü bəri bəzi ailələr oğlan uşağı dünyaya gətirilənə qədər abortlara getməyə üstünlük verir. Bir neçə uşaqdan sonra artıq uşağın istənilməməsi də sonradan əmələ gələn hamiləliyin abortla nəticələnməsinə rəvac verir. Habelə müxtəlif xəstəliklər, həmçinin ananın həyatının risklə üzləşməsi halları da sonda abortla nəticələnir. Bütün bu faktorlar birlikdə götürdükdə ümumi saya təsir edir”.
Həkim məsələnin hansısa formada dövlətin nəzarətində olmasının vacib olduğu qənaətindədir:
“Dövlət demoqrafik vəziyyətlə bağlı hansısa bir problemin həllini vacib hesab edirsə, prosesə müdaxilə etməlidir”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az