Ukrayna və Rusiya arasında gizli razılaşma: Tərəflər əvəzində nə istəyiblər?
17 Sep 2026, 16:01
1 baxış
Admin
Ukrayna Rusiyanın enerji obyektlərinə hücum etməməyə razılıq verib.
"Bakupost" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, Rusiya da eyni qaydada Ukraynada olan enerji infrastrukturuna hücum etməməyi öhdəsinə götürüb.“Dünyada dizel qiymətlərinin artımı əsasən Rusiya-Ukrayna müharibəsinə görədir, İrana görə yox”, - ABŞ Prezidenti qeyd edib.Bu öhdəliklərə tərəflər, xüsusən də Rusiya əməl edəcəkmi? Tərəflər buna razılaşıblarsa, əvəzində görəsən nə istəyiblər?
Politoloq Əlimusa İbrahimov “Bakupost”a bildirib ki, hər üç tərəfdən gələn məlumatlarda sözügedən razılaşma öz təsdiqini tapıb:
“Yəni tərəflərdən heç biri hələlik bu məlumatı təkzib etməyib. Bu isə o anlama gəlir ki, həm Kiyev, həm də Moskva ilk növbədə özlərini düşünürək üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çalışacaqlar. Çünki hər ikisinin də vəziyyəti acınacaqlıdır. Həm də bu addım ABŞ-nin təsir və təzyiqilə baş tutub”.
Müsahibimiz deyir ki, məhz Ukraynanın cavab olaraq Rusiyanın enerji sektoruna zərbələr endirməsi Ağ Evi sözügedən istiqamətdə hərəkətə keçməyə vadar edib:
“Rusiya müharibə başlanan ilk dövrlərdən Ukraynanın enerji sektoruna zərbələr endirib. Nə qədər ki, Ukrayna da Rusiyaya qarşı anoloji addımlara keçməmişdi, ABŞ tərəfindən Kiyevə ciddi xəbərdarlıqlar edilmirdi. Ukraynanın Moskvaya cavab zərbələri isə təkcə Rusiya üçün deyil, dünya enerji sektoruna da ciddi təzyiq göstərdi. Dünyada enerji daşıyıcılarının qiyməti qalxdı. Ona görə də yaşananlar ABŞ tərəfindən ciddi reaksiyaya səbəb oldu. Vaşinqton Yaxın Şərqdə də vəziyyəti bərpa edə bilmir. Buradan enerji daşıyıcılarının dünya bazarına çıxarılması müşkül məsələyə çevrilib. Bu səbəbdən Tramp adminstrasiyası heç olmasa Rusiya enerji daşıyıcılarının dünya bazarına çıxarılmasını bərpa etməyə cəhd edir”.
Təklifin reallaşması isə ekspertin fikrincə, tərəflərin danışıqları davam etdirməklə bağlı sərgilədikləri niyyətlərdən asılı olacaq:
“Təklifin nə qədər qüvvədə qalacağı və tərəflərin ona sona qədər əməl edib-etməyəcəkləri hələlik sual altındadır. Bu daha çox hər iki dövlətin danışıqlar prosesini davam etdirmək istiqamətindəki niyyətlərindən asılı olacaq. Situasiyadan asılı olaraq, götürülən öhdəlik gələcək danışıqlar üçün də president ola bilər”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az