Şəkər xəstələrinə verilən dərmanlarla bağlı
24 Aug 2026, 15:30
5 baxış
Admin
Bu günlərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müştəriyə dərmanı 20 qəpik baha satdığı üçün “Buta” apteklər şəbəkəsini 4 000 manat cərimələməsi dərman qiymətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bundan sonra vətəndaşlar bir sıra apteklərdə qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların müəyyən edilmiş qiymətdən baha satıldığını iddia ediblər.
Mövzu ilə bağlı “Bakupost”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, 3 mindən çox dərmanın yuxarı qiymət həddi dövlət tərəfindən müəyyənləşdirilib:
“Tənzimlənən qiymətdən yuxarı dərmanların satışı qadağandır. Bu, çox yaxşı haldır. Lakin təəssüflər olsun ki, əhali, eləcə də mən bir istehlakçı kimi bu tənzimləmədən tam razı deyiləm. Çünki bəzi dərmanların qiyməti elə tənzimlənib ki, həmin preparatlar qonşu ölkələrdə Azərbaycandan daha ucuzdur. Yəni Azərbaycanda bəzi dərmanlar üçün qiymət həddi kifayət qədər yüksək müəyyənləşdirilib. Bu, əlbəttə, biznes qurumlarının maraqlarına uyğundur”.
Birlik sədri bildirib ki, dövlət tərəfindən tənzimlənən dərmanların qiymət siyahısı bütün apteklərdə olmalıdır:
“İstehlakçılar aldıqları dərmanın qiyməti ilə bağlı diqqətli olmalıdırlar. Onlar qiymətləri görməyi tələb edə bilərlər və apteklər həmin siyahını təqdim etməyə borcludurlar”.
E.Hüseynov qeyd edib ki, qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların baha satılması ilə bağlı birliyə indiyədək şikayətlər daxil olmasa da, sözügedən tənzimləmə ilə bağlı narazılıqlar var:
“Şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün bir sıra dərmanların pulsuz verildiyi məlumdur. Təəssüf ki, həmin şəxslər üçün daha effektiv olan bəzi dərmanlar pulsuz deyil və onların qiyməti nisbətən bahadır. Yaxşı olardı ki, dövlət bu dərmanların da təminatını nəzərdən keçirsin. İstehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə sıx əlaqədə olmalıdırlar. Antiinhisar qurumu da istehlakçılar üçün rahat kommunikasiya şəraiti yaratmalıdır ki, belə hallar baş verdikdə operativ şəkildə qarşısı alınsın və zəruri hallarda cərimələr tətbiq olunsun”.
Lalə, Bakupost
Mənbə:
bakupost.az