MİT rəhbərinin Əfqanıstan səfərinin şifrələri: Türkiyə nəyə çalışır?
17 Sep 2026, 17:10
1 baxış
Admin
Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın Əfqanıstanın paytaxtı Kabilə və Qəndəhar şəhərinə səfər edib.
“Bakupost” xəbər verir ki, “Anadolu” agentliyinin təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, Kalın Kabilə səfəri zamanı Əfqanıstanın Baş Kəşfiyyat İdarəsinin (GDI) rəhbəri Əbdülhak Vasiklə görüşüb.
MİT rəhbəri həmçinin Əfqanıstan Müvəqqəti Hökumətinin (AGH) İqtisadi Məsələlər üzrə Baş nazirin müavini Molla Əbdül Qəni Bəradar, Mövləvi müdafiə naziri Məhəmməd Yaqub Mücahid və Daxili işlər naziri Siracəddin Haqqani ilə görüşüb.
Görüşlər zamanı Türkiyə ilə Əfqanıstan arasında təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının dərinləşdirilməsi tədbirləri müzakirə edilib və ikitərəfli münasibətlər qiymətləndirilib.
Görəsən, Kalının bu səfərində əsas məqsəd nə olub?
Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Türkiyə müsəlman dünyasının lideri olmaq niyyətini ortaya qoyub:
“Ankara Birləmşmiş Millətlər Təşkilatında (BMT) islahatların qaçılmaz olduğunu gözəl anlayır. Bilir ki, Təhlükəsizlik Şurasının (TŞ) heyətinin genişləndirilməsi gözləniləndir. Ankara onu da bilir ki, TŞ-də bu yeni tərkibə müsəlman dünyasının hansısa bir ölkəsi də nümayəndə kimi daxil olacaq. Bu mənada Ankara hesab edir ki, müsəlman dünyasından BMT TŞ-nin daim üzvü olmaq hüququna hamıdan daha çox Türkiyə layiqdir. Ona görə də Ankara müsəlman dünyası ölkələrilə sıx əlaqələr saxlayır, onlarla məsləhətləşmələr apararaq izah edir ki, Türkiyənin BMT TŞ-də olması İslam ölkələrinə öz hüquqlarını dünya miqyasında daha səmərəli qorumağa imkan verəcək”.
Ekspert qeyd edir ki, Kalının Kabil səfəri göstərir ki, Ankara dünya siyasətində Əfqanıstanla da əməkdaşlıqda maraqlıdır:
“Yaxın Şərqdə müharibə gedir, İranda vəziyyət gərgindir. Belə vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə böyük ehtiyac var. Kalın da gözəl bilir ki, Əfqanıstanın nüfuzu tədricən də olsa artır. Bu ölkədə siyasi sistem artıq sabitləşib. Ölkədə iqtisadi inkişaf və tikinti işləri aparılır. Belədə, indi daha çox ölkə Kabillə xoş münasibətlər qurmaqda maraqlıdır. Türkiyə də dünya siyasətində iki müsəlman dövlətinin əməkdaşlığının mövcudluğunda maraqlıdır”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az