Cəmiyyət

"Piyada getsinlər, hava alarlar, həm də vaxt itirməzlər" - Ekspertdən Bakıdakı tıxaca reaksiya

17 Sep 2026, 17:43 2 baxış Admin
"Piyada getsinlər, hava alarlar, həm də vaxt itirməzlər" - Ekspertdən Bakıdakı tıxaca reaksiya

Yeni tədris ilinin başlaması ilə Bakı yollarında nəqliyyat sıxlığı yenidən artıb. Sentyabrın 15-dən etibarən şəhərin bir sıra ərazilərində, xüsusilə “Elmlər Akademiyası”, “28 May” və “Şamaxınka” istiqamətlərində ciddi sıxlıq və nəqliyyat vasitələrinin hərəkətində yubanmalar müşahidə olunur.

Sərnişinlərin sözlərinə görə, sıxlıq səbəbindən avtobusların hərəkət intervalında da ciddi problemlər yaranıb. Vətəndaşlar bildirirlər ki, bəzi marşrut avtobusları gecikir, 30-40 dəqiqəyə gəlir.

Bəs paytaxtın sıxlıq, tıxac, avtobusların yubanma problemləri nə zaman həll olunacaq? Bu məsələnin çözümü üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, avtobusların metronu tam əvəz etməsi mümkün deyil. Metronun bir qatarının sərnişin yükünü qarşılamaq üçün eyni anda 15-20 avtobus lazımdır:

“Qatar 2-3 dəqiqədən bir gəlir. Belə qısa interval üçün gərək 20 avtobus gəlsin. Lap bu qədər sayda avtobus gəlsə də, onu hara yerləşdirmək olar? Bu, mümkün olan iş deyil. Ona görə də yaranmış vəziyyət gözlənilən idi. "20 Yanvar"dan "Nizami"yə qədər məsafə təxminən 1,5-2 kilometrdir. Bu məsafəni rahat şəkildə piyada qət etmək olar. Həm sağlamlıq üçün faydalıdır, həm təmiz hava almaq mümkündür, həm də vaxt itkisi yaranmır".

Ekspert qeyd edib ki, metro xətlərinin ayrılması istiqamətində görülən işlər zəruridir və bunu nəzərə almaq lazımdır: "Heç bir vacib işi ləğv etmək, inkar etmək olmaz. Amma alternativ yollardan istifadə mümkündür. Mikromobillik, piyada hərəkəti və digər vasitələrdən istifadə etmək olar. Məsələn, mən dünən Yasamaldan Babək prospektinə getməli idim. Naviqasiya təxminən 1 saat 20 dəqiqə vaxt göstərirdi. Skuter icarəyə götürdüm və təxminən 26-27 dəqiqəyə rahat şəkildə çatdım. İnsanlar skuterdən, velosipeddən və digər mikromobillik vasitələrindən istifadə etsinlər. Avropada və inkişaf etmiş ölkələrdə insanların velosiped və skuterlərə üstünlük verməsinin səbəblərindən biri də elə vaxt faktorudur. Mən avtomobillə 1 saat 20 dəqiqə getsəydim, gecikəcəkdim. Skuterlə isə daha qısa müddətdə çatdım, həm vaxtıma qənaət etdim, həm də hərəkətdə oldum".

Yasin Mustafayev onu da bildirib ki, şəhərdə müşahidə olunan bu sıxlıq gözlənilən idi: "Yeni tədris ili başlamaqdan qabaq belə vəziyyətin yaranacağını gözləyirdik. Bundan sonra insanlar yaşadıqları yer, məktəb və iş yerlərini mümkün qədər bir-birinə yaxın seçməyə çalışmalıdırlar. İmkan daxilində yaşayış, təhsil və iş məkanlarının yaxın olması nəqliyyat yükünün də azalmasına kömək edə bilər”.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər