Cəmiyyət

Bakıda "yararsızdır" qərarı verilən gənci əsgər aparıblar? - FOTO

04 Aug 2026, 20:00 2 baxış Admin
Bakıda "yararsızdır" qərarı verilən gənci əsgər aparıblar? - FOTO

Səkkiz il əvvəl hərbi xidmətə yararsız hesab edilən, bu il isə yenidən tibbi müayinədən sonra hərbi xidmətə çağırılan gənclə bağlı yeni sənəd ortaya çıxıb.


"Bakupost" xəbər verir ki, bu barədə Oxu.Az-a çağırışçının həyat yoldaşı bildirib.
Onun sözlərinə görə, 25 yaşlı Amil Əliyev 2018-ci ildə hərbi-həkim komissiyasından keçərkən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilib. Lakin bu il yenidən tibbi müayinələrdən keçdikdən sonra hərbi xidmətə yararlı sayılaraq iyul çağırışı zamanı xidmətə göndərilib.
İddiaya görə, Amil Əliyevin sol ayağı iki yerdən sınıb və sümüklərdən birinin digərinin üzərinə çıxması nəticəsində ayağında təxminən iki santimetr qısalıq yaranıb. Bundan başqa, onun sol qolunda da problem var.
O, hərbi xidmətə aparılmamışdan əvvəl Oxu.Az-a müraciət edərək qərarla razı olmadığını bildirmişdi:
"Sol ayağım iki yerdən sınıb. Sümüklərdən biri digərinin üzərinə çıxdığı üçün ayağım təxminən iki santimetr qısadır. Bundan əlavə, sol qolumda da problem var. 2018-ci ildə hərbi xidmətə yararsız hesab edilmişdim. Aradan səkkiz il keçdikdən sonra yenidən bütün tibbi komissiyalardan keçdim. Daha sonra mənə hərbi xidmətə yararlı hesab olunduğum və iyul çağırışına cəlb edildiyim bildirildi. Mən bu qərarla razı deyiləm".
Buna baxmayaraq, Amil Əliyev iyulun 28-də hərbi xidmətə yola salınıb.
Çağırışçının həyat yoldaşı bildirib ki, əsgərliyə göndərildikdən sonra aparılan tibbi müayinələrin cavabları artıq gəlib və Amil Əliyevin hərbi xidmətə yararsız olduğu müəyyən edilib.
Oxu.Az-ın tanış olduğu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin rəsmi sənədində Amil Əliyevə "ətrafların müxtəlif uzunluğu (qazanılma)" və "sol bud sümüyünün post-travmatik cüzi deformasiyası" diaqnozları əsasında "C" kateqoriyası, yəni dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qərarının verildiyi göstərilir.
Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb.

Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər