Gecə yuxuda bu baş verirsə, həkimə müraciət edin
Yuxu zamanı ağız suyunun həddindən artıq axması tənəffüs pozğunluqları, nevroloji xəstəliklər və ya mədə turşusunun qida borusuna geri qayıtması (reflüks) ilə əlaqəli ola bilər.
News24.az xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin nevroloqu Metyu Uoker açıqlama verib.
Onun sözlərinə görə, gecə nadir hallarda ağız suyunun axması normaldır. Çünki yuxu zamanı tüpürcək vəziləri fəaliyyətini davam etdirir və ağız açıq qaldıqda tüpürcək çölə axa bilər.
Lakin bu hal tez-tez və ya qəfil baş verirsə, xüsusilə oyandıqdan sonra ağız quruluğu, susuzlaşma və narahatlıq yaranırsa, həkimə müraciət etmək tövsiyə olunur.
Mütəxəssis qeyd edib ki, güclü xoruldama, yuxuda nəfəsin dayanması və gün ərzində davamlı yorğunluq yuxu apnoesi əlaməti ola bilər. Bu xəstəlik zamanı orqanizm oksigen çatışmazlığı yaşayır ki, bu da yüksək təzyiq və ürək ritm pozğunluğu riskini artırır.
Əgər ağız suyunun axması üz əzələlərinin zəifliyi, anlaşılmaz nitq və ya udma çətinliyi ilə müşayiət olunursa, bu, nevroloji problemlərdən xəbər verə bilər. Səbəblər arasında burun tutulması səbəbindən ağızla nəfəsalma, reflüks və bəzi dərmanların qəbulu da var.
Həkimin sözlərinə görə, problemin əsas səbəbi aradan qaldırıldıqda – burun tutulmasının və allergiyanın müalicəsi, reflüksə nəzarət, otaqda havanın nəmləndirilməsi və ya burun çəpərinin korreksiyası – gecə ağız suyunun axması da azalır. Bəzi insanlarda arxası üstə yatmaq, həmçinin ağızın bağlı qalmasına kömək edən xüsusi ağızlıqlar və ya çənə qayışlarından istifadə də faydalı ola bilər.