Məzuniyyət hansı hallarda başqa vaxta keçiriləcək?
Əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları və qaydalarının dəqiqləşdirilməsi təklif olunur.
News24.az xəbər verir ki, layihəyə əsasən, işçinin təşəbbüsü ilə məzuniyyət onun əmək qabiliyyətini müvəqqəti itirdiyi, sosial məzuniyyətlə üst-üstə düşdüyü və ya işəgötürənin tapşırığını yerinə yetirmək üçün başqa yerə ezam edildiyi hallarda başqa vaxta keçirilə bilər.
Məzuniyyətin işçinin növbəlilik cədvəlində nəzərdə tutulan vaxtda verilməsi istehsalın və ya xidmətlərin normal gedişinə mane ola bilərsə, işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə də vaxt dəyişdirilə bilər. Hərbi vəziyyət dövründə bu, səfərbərlik planlarına uyğun həyata keçirilə bilər.
Layihədə istifadə edilməyən məzuniyyət hissəsinin tərəflərin razılığı ilə növbəti iş ili üçün məzuniyyətə birləşdirilməsi də nəzərdə tutulur.