Şəkərdən tamamilə imtina etmək zərərli imiş - Araşdırma
Şəkərdən tamamilə imtina etmək cəmiyyət arasında düşünüldüyü qədər faydalı olmaya bilər. Əksinə, bu, orqanizmdə maddələr mübadiləsinin pozulmasına və bağırsaq mikroflorasının vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
News24.az xəbər verir ki, Beynəlxalq Endokrinologiya Cəmiyyətinin yaydığı məlumata görə, bu nəticələr Çikaqoda keçirilən ENDO 2026 illik konfransında təqdim olunan elmi araşdırmada üzə çıxıb.
Küveytdəki Dasman Diabet İnstitutunun mütəxəssisləri 16 həftə ərzində müxtəlif qidalanma modellərinin laboratoriya siçanlarının orqanizminə təsirini araşdırıblar.
Təcrübə zamanı heyvanların bir qrupuna saxaroza (şəkər) tamamilə çıxarılmış, az yağlı pəhriz verilib. Nəzarət qrupundakı siçanlar isə az yağlı qidalanmaqla yanaşı, müəyyən miqdarda saxaroza da qəbul ediblər.
İnstitutun immunologiya və mikrobiologiya şöbəsinin rəhbəri, aparıcı elmi işçi Rəşid Əhmədin sözlərinə görə, qidalanmada saxarozanın tamamilə olmaması immun sisteminə və orqanizmin daxili tarazlığına gözlənilməz mənfi təsir göstərir.
Alim vurğulayıb ki, araşdırma şəkərdən radikal şəkildə imtina etmək əvəzinə, karbohidratların balanslı qəbulunun vacibliyini ortaya qoyur.
Dasman Diabet İnstitutunun baş direktorunun səlahiyyətlərini icra edən Faysal Həmid əl-Rifai isə bildirib ki, bu cür elmi nəticələr gələcəkdə qidalanma ilə bağlı ictimai tövsiyələrin yenidən nəzərdən keçirilməsinə kömək edə bilər.
Onun sözlərinə görə, sərt qida məhdudiyyətləri əvəzinə, bağırsaq mikrobiomunun sağlam müxtəlifliyinin qorunmasına diqqət yetirilməlidir. Bu yanaşma uzunmüddətli perspektivdə xroniki iltihabi və metabolik xəstəliklərlə mübarizədə daha səmərəli ola bilər.