İran niyə Avropanı qorxutmağa çalışır? - Vuracağı hədəflər açıqlandı
03 Nov 2026, 13:50
2 baxış
Admin
Vaşinqton İslam Respublikasına hücumları bərpa edərsə, İran da Avropadakı ABŞ hərbi bazalarına zərbə endirə bilər.
"Bakupost" xəbər verir ki, bu barədə "Tayms" qəzetinin məlumatında deyilir.
Bildirilib ki, İranın hücumlarının mümkün hədəfləri arasında Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyadakı ABŞ hərbi obyektləri var. İran həmçinin sualtı internet kabellərini sıradan çıxara bilər.
Qərb kəşfiyyat orqanları əmindir ki, Tehran Avropadakı ABŞ obyektlərinə hücum etmək üçün öz qruplarından və cinayətkar şəbəkələrindən istifadə edə bilər.
Qeyd edək ki, İran ABŞ ilə aparılan müharibənin gedişində də Avropanı buradakı ABŞ hərbi bazalarına zərbə vura biləcəyilə hədələmişdi. Amma real olaraq İran bu günə qədər həmin addımı atmayıb. İran “Xürrəmşəhr-4” kimi yeni nəsil raketlərin sınaqlarından sonra onların uçuş məsafəsini 3000 kilometrə qədər çatdıra bilib.
İndi məsələnin birdən-birə yenidən gündəmə atılması müəyyən suallar doğurur. Aydın şəkildə görünür ki, İranı bu təhdidi dilə gətirməyə vadar edən kənar xarici qüvvə var. Bu qüvvə isə Rusiyadır. Moskva hər vəchlə çalışır ki, Avropanın Ukraynaya dəstək məsələsinə əngəl olsun. Bu fonda da “köhnə qitə”ni dronlarla hədələyir.
Görünür, indi İranı da prosesə qatmaqla Avropa ölkələrinin nəzərini başqa istiqamətə yönəldib, onların Kiyevə diqqətinin zəiflədilməsinə nail olmaq istəyirlər. Yəni mövcud vəziyyət baş verərsə, düşünürlər ki, Avropanın başı özünə qarışacaq və belədə Ukrayna müəyyən müddətə unudulacaq. Bu isə Rusiyaya ABŞ-dən dəstəyi ümumən itirən və çıxılmaz vəziyyətdə qalan Kiyevə təzyiq etmək üçün əlavə üstünlüklər verə bilər.
İranın sözügedən addıma getməsi bu mənada Kremlin maraqlarına cavab verir. Bu da onu deməyə əsas verir ki, Tehranın həmin təhdidi dilə gətirməsinin arxasında Rusiya dayanır. Yəni sözügedən istiqamətdə gərginliyin yaranması əslində Tehrandan daha çox Moskvanın maraqlarına cavab verir.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az