Dünya

"Cəhənnəm Necati" həbs edildi

24 Oct 2026, 21:58 1 baxış Admin
"Cəhənnəm Necati" həbs edildi

Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Coşkun Necati Arabacı 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

News24.az "TRT Haber"ə istinadən xəbər verir ki, oktyabrın 22-də İzmir şəhərinin 20-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda Arabacı cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, iki zərərçəkənə qarşı qəsdən xəsarət yetirmə əməllərinə görə 7 il 6 ay, iki ayrı silahlı hücumla əlaqədar qanunsuz odlu silah gəzdirməyə görə isə 2 il həbs cəzası alıb.

Məhkəmə Arabacını digər ittihamlar üzrə təqsirli bilməyərək ona bəraət verib.

Coşkun Necati Arabacının 2025-ci il oktyabrın 5-də Serbiyanın paytaxtı Belqraddan İzmir şəhərindəki Adnan Menderes hava limanına gəldiyi müəyyən edilib. O, İzmir Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən Arabacı barəsində həbs qətimkan tədbiri seçilib.


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər