OPEC dünyanın ən çox neft ixrac edən ölkələrini açıqlayıb – ABŞ birincidir
24 Sep 2026, 22:22
1 baxış
Admin
Ötən il dünyanın ən böyük neft ixracatçısı ABŞ olub.
"Bakupost" Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə məlumat OPEC-in 2026-cı il üçün hazırladığı “İllik Statistik Bülleten”də yer alıb.Məlumatlara görə, ABŞ sutkada 10 milyon 714 min barel neft ixrac edib. Bu, dünya üzrə ümumi neft ixracının 14 faizinə bərabərdir.
İkinci yerdə Səudiyyə Ərəbistanı qərarlaşıb. Ölkə sutkada 7 milyon 915 min barel neft ixrac edib və qlobal ixracın 10,3 faizini təşkil edib.
Rusiya sutkada 6 milyon 634 min barel ixracla üçüncü yerdədir. ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyanın birlikdə dünya neft ixracındakı payı 33 faizə çatıb.
Kanada 4 milyon 129 min barellə dördüncü, Birləşmiş Ərəb Əmirlikləri isə 3 milyon 901 min barellə beşinci yerdə qərarlaşıb.
ABŞ-nin neft ixracında lider mövqeyə yüksəlməsində şist nefti hasilatının artması mühüm rol oynayıb. Üfüqi qazma və hidravlik qırılma texnologiyaları ölkədə neft hasilatını genişləndirib. 2015-ci ildə xam neft ixracına tətbiq olunan məhdudiyyətlərin əksəriyyətinin aradan qaldırılması isə xarici bazarlara çıxışı artırıb.Regional göstəricilərə görə, Yaxın Şərq 2025-ci ildə sutkada 22 milyon 359 min barel neft ixrac edib. Bu, dünya üzrə ümumi ixracın 29,2 faizinə bərabərdir.
Avropa sutkada 16 milyon 50 min barellə ikinci, Şimali Amerika isə 15 milyon 684 min barellə üçüncü yerdədir.
Asiya-Sakit okean regionunun ixracı sutkada 10 milyon 853 min barel, Afrikanın ixracı 6 milyon 88 min barel, Mərkəzi və Cənubi Amerikanın ixracı isə 5 milyon 556 min barel təşkil edib.
2025-ci ildə dünyada ümumi neft ixracı sutkada 76 milyon 588 min barel olub.
2025-ci ildə ən çox neft ixrac edən 26 ölkə aşağıdakı kimi olub:
ABŞ – 10 714 min barel (14%)
Səudiyyə Ərəbistanı – 7 915 min barel (10,3%)
Rusiya – 6 634 min barel (8,7%)
Kanada – 4 129 min barel (5,4%)
Birləşmiş Ərəb Əmirlikləri – 3 901 min barel (5,1%)
İraq – 3 478 min barel (4,5%)
Küveyt – 2 409 min barel (3,1%)
Braziliya – 2 353 min barel (3,1%)
Hollandiya – 2 111 min barel (2,8%)
İran – 2 083 min barel (2,7%)
Norveç – 2 005 min barel (2,6%)
Nigeriya – 1 633 min barel (2,1%)
Sinqapur – 1 631 min barel (2,1%)
Qazaxıstan – 1 587 min barel (2,1%)
Hindistan – 1 386 min barel (1,8%)
Cənubi Koreya – 1 372 min barel (1,8%)
Çin – 1 322 min barel (1,7%)
Liviya – 1 285 min barel (1,7%)
Oman – 1 136 min barel (1,5%)
Malayziya – 1 014 min barel (1,3%)
Qətər – 1 009 min barel (1,3%)
Əlcəzair – 996 min barel (1,3%)
Anqola – 988 min barel (1,3%)
Venesuela – 941 min barel (1,2%)
Böyük Britaniya – 869 min barel (1,1%)
Meksika – 841 min barel (1,1%)
Məlumat üçün bildirək ki, ötən il Azərbaycan sutkada orta hesabla 465 min barel neft ixrac edib.
Bu dünyanın ən böyük neft ixracatçısı olan ABŞ-dəki analoji göstəricidən (10 milyon 714 min barel) 23 dəfə azdır.
Mənbə:
bakupost.az