Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
23 Sep 2026, 18:09
1 baxış
Admin
30-31 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı (NASCO29) keçiriləcək.
Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda ölkənin müxtəlif bölgələrindən və elmi istiqamətlərdən olan doktorantların, dissertantların və gənc tədqiqatçıların iştirakı nəzərdə tutulur.
Konfransda Azərbaycan Respublikasının vətəndaşı olub ölkə daxilində və ya xaricdə fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlar, eləcə də Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Yaşı 35-dən yuxarı olmayan elmi dərəcəyə malik şəxslər də konfransa qoşula bilərlər.
Tədbir çərçivəsində elmi məruzə və müzakirələrlə yanaşı, iştirakçılar üçün müxtəlif sosial-mədəni proqramların, o cümlədən turizm səfərləri, əyləncə proqramları və konsertlərin təşkili nəzərdə tutulur. Bölmə iclaslarında fərqlənən iştirakçıların hədiyyə və mükafatlarla təltif olunması da planlaşdırılır.
Konfransda iştirak ödənişsizdir. Görüş ənənəvi və onlayn formatda təşkil olunacaq. Onlayn iştirakçıların sayı hər bir müəssisə üzrə ümumi iştirakçıların 30 faizindən çox olmamalıdır.
Məqalə və tezislərin qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edəcək.
Konfrans, iştirak şərtləri, tezislərin tərtibat qaydaları və qeydiyyatla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az saytından əldə etmək mümkündür.
Mənbə:
bakupost.az