Şri-Lankada 15 nəfərə 200 ildən çox həbs cəzası verildi
Şri-Lankada 2019-cu ildə kilsə və otellərdə törədilən terror hücumlarında iştirak edən 15 nəfər uzunmüddətli həbs cəzasına məhkum edilib.
News24.az xəbər verir ki, məhkəmə beş nəfəri 200 il, beş nəfəri 220 il, dörd nəfəri 240 il, bir nəfəri isə 260 il müddətinə azadlıqdan məhrum edib. Məhkumların əmlakı da müsadirə olunacaq.
Məhkəmə zamanı hücumdan bir gün əvvəl çəkilmiş video da araşdırılıb. Videoda hücumçular İŞİD-in liderinə sədaqət andı içərək Şri-Lankanı İslam ölkəsinə çevirmək üçün mübarizə aparacaqlarını bildiriblər.
Eyni məhkəmədə doqquz nəfər terror hücumlarında iştirak ittihamlarından bəraət alıb.
2019-cu il aprelin 21-də Şri-Lankada üç kilsə və üç oteldə partlayışlar törədilib. Hücumlar nəticəsində 267 nəfər ölüb, 574 nəfər yaralanıb.