Cəmiyyət

Evdə bişirilib satılan qidalara qadağa: Yeni qaydalar nədən xəbər verir?

23 Sep 2026, 15:19 3 baxış Admin
Evdə bişirilib satılan qidalara qadağa: Yeni qaydalar nədən xəbər verir?

Evdə və ailə təsərrüfatlarında satış məqsədilə hazırlanan qida məhsullarına yeni tələblərin tətbiqi istehlakçıların sağlamlığının qorunmasına xidmət edə bilər. Lakin bu qaydaların məhsulların qiymətinə də təsir göstərəcəyi bildirilir.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Bakupost”a bildirib ki, şəxsi istifadə üçün hazırlanan qidalarla satış məqsədilə hazırlanan məhsullar fərqli şəkildə tənzimlənməlidir.

Onun sözlərinə görə, satış üçün hazırlanan qidalarda keyfiyyətli xammaldan istifadə olunması, məhsulların düzgün saxlanılması, istehsalçının vaxtında tibbi müayinədən keçməsi və sanitar-gigiyena qaydalarına əməl etməsi vacibdir.
Mütəxəssis qeyd edib ki, məhsulların üzərində istehsalçı barədə məlumat, tərkibi, saxlanma şəraiti, istehsal tarixi və son istifadə müddəti göstərilməlidir. Onun sözlərinə görə, hazırda evdə və ailə təsərrüfatlarında hazırlanan bir sıra məhsullar bazara çıxarılarkən bu məlumatların əldə edilməsi mümkün olmur.
Məhsəti Hüseynova bildirib ki, bu fəaliyyətin tənzimlənməsi üçün hüquqi və tənzimləyici mexanizm yaradılıb və onun tətbiqi 2028–2032-ci illərdə nəzərdə tutulur.
Mütəxəssisin sözlərinə görə, yeni qaydalar evdə hazırlanan tort və şirniyyatlar, yarımfabrikatlar, xəmir və ət məhsulları, mürəbbə, konservləşdirilmiş qidalar və turşular kimi məhsullara şamil oluna bilər.
O hesab edir ki, qaydaların tətbiqi ilk növbədə istehlakçıların təhlükəsiz qida ilə təmin olunmasına və hüquqlarının qorunmasına imkan verəcək. Eyni zamanda, evdə qida hazırlayıb satan şəxslərin fəaliyyəti hüquqi çərçivədə tənzimlənəcək.
Məhsəti Hüseynova yeni tələblərin qiymətlərə də müəyyən təsir göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, hesabatlılığın təmin edilməsi və keyfiyyətli xammaldan istifadə xərclərin artmasına, bunun da məhsulların qiymətində cüzi artıma səbəb olmasına gətirib çıxara bilər.
Vüsalə Hüseynova,BakuPost
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər