Digər

Azərbaycanda xərçəng kabusu: Qadınlar daha çox tutulurlar - Onkoloqdan vacib XƏBƏRDARLIQ

23 Sep 2026, 17:00 2 baxış Admin
Azərbaycanda xərçəng kabusu: Qadınlar daha çox tutulurlar - Onkoloqdan vacib XƏBƏRDARLIQ

2025-ci ildə Azərbaycanda 15 144 nəfərə xərçəng diaqnozu qoyulub. Bu barədə Dövlət Statistika Komitəsinin yayımladığı hesabatda qeyd olunub. Hesabata əsasən, ötən il 8 357 qadında və 6 787 kişidə bədxassəli şiş aşkarlanıb. Yoluxma halı qadınlarda kişilərdən 23% çox olub. Qeyd edək ki, 2024-cü il ilə müqayisədə şiş xəstəliyi diaqnozu qoyulan qadınların sayı 3,8% artıb, kişilərin sayı isə 4,5% azalıb.

Maraqlıdır, qadınlarda bu xəstəliyin artmasına səbəb nədir?

Məsələ ilə bağlı News24.az-a danışan onkoloq Pərvanə Rüstəmova bildirib ki, xərçəng rəqəmlərini deyil, səbəblərini və erkən diaqnozu müzakirə etməliyik:

"Azərbaycanda 2025-ci ildə təxminən 8 min qadın və 6 min kişiyə ilk dəfə xərçəng diaqnozu qoyulması çox ciddi rəqəmdir. Amma məncə, bu statistikaya yalnız “xərçəng artır” kimi yanaşmaq düzgün deyil. Burada həm xəstəliyin real yükünü, həm də diaqnostikanın əvvəlki illərlə müqayisədə yaxşılaşmasını nəzərə almaq lazımdır. Qadınlarda ən çox diqqət çəkən xəstəlik süd vəzi xərçəngidir. Kişilərdə isə ağciyər xərçəngi, prostat, kolorektal və digər həzm sistemi xərçəngləri mühüm yer tutur. Həm qadınlarda, həm də kişilərdə kolorektal və mədə xərçəngi də əhəmiyyətli xəstəlik yükü yaradır".

O bildirib ki, xərçəngin yaranmasının bir səbəbi yoxdur, yaş əsas risk faktorlarından biridir. Bununla yanaşı, siqaret və tütün məhsulları, artıq çəki, hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma, alkoqol, bəzi virus infeksiyaları, ətraf mühit və peşə faktorları riskə təsir edə bilər:

"Genetik faktorlar da müəyyən qrup xəstələrdə mühüm rol oynayır. Amma mənim üçün bu rəqəmlərin ən vacib mesajı başqadır: xərçəngdən danışarkən yalnız müalicəni deyil, profilaktikanı və erkən diaqnozu da gündəmə gətirməliyik. Çünki bu gün bir çox xərçəng növünü erkən mərhələdə aşkarlamaq və uğurla müalicə etmək mümkündür. Süd vəzi, uşaqlıq boynu və kolorektal xərçəng kimi xəstəliklərdə düzgün skrininq proqramları və vaxtında müraciət xəstəliyin nəticələrinə ciddi təsir göstərə bilər. Mən həmişə pasiyentlərə deyirəm ki, xərçəng xəstəliyindən qorxmaq yox, onu vaxtında aşkar etmək lazımdır.”

Onkoloq qeyd edib ki, bu rəqəmlər bizi panikaya deyil, daha çox maarifləndirməyə, sağlam həyat tərzinə, skrininqlərə və erkən müraciətə sövq etməlidir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər