Autizmli yeniyetmə 3 ildə 7 dəfə çempion oldu
17 yaşlı autizmli atlet Özgür Salih Köse üç il ərzində uzunluğa tullanma, 200 və 400 metr qaçış üzrə 7 dəfə Türkiyə çempionu olub.
News24.az xəbər verir ki, Özgür atletikaya anasının təşviqi ilə başlayıb. Məşqçi Nuri Can Kastalın rəhbərliyi ilə hazırlıq keçən gənc idmançı qısa müddətdə uğurlar qazanıb.
Özgür 2024-cü ildə uzunluğa tullanmada Türkiyə rekordunu qıraraq ölkə çempionu olub. Daha sonra 200 metr və uzunluğa tullanmada da birincilik əldə edib.
Son olaraq Konyada keçirilən Xüsusi Olimpiya Atletika Türkiyə Çempionatında 200 və 400 metr məsafələrdə Türkiyə rekordlarını yeniləyib.
“7 çempionluğum və 3 rekordum var. Məqsədim Avropa və dünya çempionatlarında uğur qazanmaqdır”, - deyə Özgür bildirib.
Onun məşqçisi isə gənc atletin əsas hədəfinin milli komandaya düşmək olduğunu deyib.