"İclaslara gecikirik, problem dözülməzdir" – Deputatlar da tıxaclardan bezib - AÇIQLAMA
Paytaxt nəqliyyatındakı sıxlıq hazırda şəhər sakinlərinin ən ciddi problemlərindən biridir.
Xüsusilə səhər və axşam saatlarında paytaxtın əsas yollarında yaranan uzunmüddətli tıxaclar işə, təhsil müəssisələrinə, digər ünvanlara tələsənlər üçün dözülməz əngələ çevrilib.
Məsələ o qədər aktuallaşıb ki, hətta ötən gün Milli Məclisdə müzakirəyə çıxarılıb.
Deputat Arzuxan Əlizadə tıxac səbəbindən iclasa gecikdiyini və problemin dözülməz həddə çatdığını deyib. Digər deputatlar da yaranan sıxlığın ciddi problemə çevrildiyini vurğulayıb və smart idarəetmə sistemlərindən, eləcə də xarici təcrübədən yararlanmağı təklif edib.
Paytaxtda tıxacların azaldılmasında ictimai nəqliyyatın rolu da vacib məqamlardandır. AYNA-nın məlumatına görə, sentyabrın ortalarından Bakıda marşrutlara buraxılan avtobusların sayı 2530-a çatdırılıb.
Bəs mövcud vəziyyətdən çıxış yolu nədir? Tıxac problemini həll etmək üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı News24.az-a danışan Milli məclisin deputatı Elnarə Akimova bildirib ki, Bakıda tıxaclar bu gün artıq adi nəqliyyat problemi çərçivəsini çoxdan aşıb, insanların gündəlik həyatına, işinə, sağlamlığına və əsəblərinə təsir edən ciddi bir məsələyə çevrilib: “İnsanlar günün əhəmiyyətli hissəsini yollarda keçirirlər. Mən Sumqayıtda yaşayıram. Hər gün bəzən mənzil başına çatmaq üçün sərf etdiyim vaxt məsafənin özündən daha uzun olur. Bu, nə normaldır, nə də müasir şəhər həyatının tələblərinə uyğundur. Tıxacda itirilən vaxt əslində insanın ailəsindən, istirahətindən, işindən və şəxsi həyatından oğurlanan vaxtdır.
Mən əsasən taksidən istifadə edirəm. Amma vacib işlərim olanda mənzil başına gecikməmək üçün avtobusa da minirəm. Çünki digər nəqliyyat vasitələri tıxacda hərəkət etməkdə çətinlik çəkəndə avtobus zolaqları ictimai nəqliyyatın daha sürətli irəliləməsinə imkan verir. Bu təcrübə bir daha göstərir ki, ictimai nəqliyyata üstünlük vermək üçün insanlara real şərait yaradılmalıdır. Avtobus rahat, təhlükəsiz, vaxtında gələn və mənzil başına gecikmədən çatdıran nəqliyyat vasitəsinə çevrilməlidir”.
Deputatın sözlərinə görə, tıxac probleminin həlli üçün ayrı-ayrı tədbirlər kifayət etmir, kompleks və uzunmüddətli yanaşma lazımdır: “İlk növbədə, ictimai nəqliyyatın keyfiyyəti və əhatə dairəsi artırılmalıdır. Avtobusların sayı, hərəkət intervalı, marşrutların təşkili və sərnişin rahatlığı ciddi şəkildə yaxşılaşdırılmalıdır. Avtobus zolaqlarına nəzarət gücləndirilməli, həmin zolaqların təyinatından kənar istifadəsinə yol verilməməlidir. Metro şəbəkəsinin genişləndirilməsi, şəhərətrafı dəmir yolu əlaqələrinin inkişafı və nəqliyyat növləri arasında rahat keçid imkanlarının yaradılması da vacibdir.
Digər mühüm məsələ şəhərsalma və nəqliyyat planlaşdırmasının uzlaşdırılmasıdır. Yeni yaşayış massivləri salınarkən məktəb, uşaq bağçası, iş yerləri və ictimai nəqliyyat imkanları əvvəlcədən nəzərə alınmalıdır.
Ancaq burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: tıxac probleminin həllini yalnız yeni yollar salmaqda və yol ötürücüləri tikməkdə axtarmaq düzgün deyil. Əgər ictimai nəqliyyat cəlbedici deyilsə, şəxsi avtomobildən istifadə zərurəti qalırsa, yeni yollar da gec-tez yenidən yüklənəcək. Əsas məqsəd insanları avtomobildən zorla uzaqlaşdırmaq deyil, şəxsi avtomobildən istifadə etmədən də rahat və vaxtında mənzil başına çatmağın mümkün olduğu şəhər mühiti yaratmaqdır”.
Elnarə Akimova bu məsələdə vətəndaşların iradlarınında diqqətlə dinlənilməli olduğunu vurğulayıb. O bildirib ki, insan hər gün eyni yolda saatlarla vaxt itirirsə, onun narazılığını sadəcə, səbrsizlik kimi qiymətləndirmək olmaz: “Bu, gündəlik həyatın keyfiyyəti ilə bağlı haqlı narahatlıqdır. Tıxac artıq insanların iş rejiminə, ailə münasibətlərinə və psixoloji durumuna təsir göstərir. Ona görə də problemə münasibət formal olmamalı, nəticəyə hesablanmış konkret addımlarla müşayiət edilməlidir.
Milli Məclisdə bu mövzuda səsləndirilən sərt fikirləri də problemin ciddiliyinə diqqət çəkmək baxımından anlamaq lazımdır. Çünki söhbət minlərlə insanın hər gün üzləşdiyi, təxirə salınması mümkün olmayan bir problemdən gedir. Müvafiq qurumlar görülən işlər barədə məlumat verməklə yanaşı, vətəndaşların gündəlik həyatında hiss olunan nəticələrə nail olmalıdırlar”.
Millət vəkili Ceyhun Məmmədov da həmkarının fikirlərinə şərikdir. O qeyd edib ki, hazırda tıxacdan yalnız millət vəkilləri deyil, hər bir Azərbaycan vətəndaşı, xüsusilə də Bakı sakinləri əziyyət çəkir: “Tıxac artıq ciddi problemə çevrilib. Bəzən bir saat, hətta bir saat yarım tıxacda qalırıq. 5 dəqiqəlik yolu yarım saata getdiyimiz hallar olur.
Bu problemin həlli istiqamətində ciddi addımların atılmasına ehtiyac var. Çünki vəziyyət getdikcə daha da ağırlaşır. İndidən lazımi tədbirlər görülməsə, gələcəkdə problemin qarşısını almaq daha çətin olacaq”.