Biznes üçün yarımçıq qoyduğu universiteti 11 il sonra tamamladı
Keniyalı sahibkar Moses Adika universitetə qəbul olduqdan 11 il sonra təhsilini başa vuraraq diplom alıb.
News24.az-ın məlumatına görə, Adika Nayrobi Universitetində inşaat mühəndisliyi ixtisasına daxil olub. Lakin bir neçə ildən sonra təhsilini yarımçıq qoyaraq biznesinə fokuslanmağa qərar verib.
Onun sözlərinə görə, bu qərarı dostları tərəfindən tənqidlə qarşılanıb. Buna baxmayaraq, Adikanın qurduğu biznes uğurlu olub.
Sahibkar daha sonra natamam təhsilinin onu narahat etdiyini bildirib və biznesdə qarşısına qoyduğu məqsədlərə çatdıqdan sonra universitetə qayıtmaq qərarına gəlib.
O, yenidən dərslərə qatılıb, imtahanları verib və yekun layihəsini müdafiə edib. Nəticədə 19 sentyabr 2026-cı ildə inşaat mühəndisliyi üzrə diplomunu alıb.
Adika sosial media paylaşımında bildirib ki, təhsili tamamlamaq üçün heç vaxt gec deyil:
“Bir sahədə uğur qazanmaq digərindən imtina etmək demək deyil. Fasilə vermək təslim olmaqla eyni deyil. Həmişə geri qayıda bilərsiniz”.