Cəmiyyət

Türk dünyasının ortaq himni təklifinə deputatlardan dəstək

17 Sep 2026, 16:33 2 baxış Admin
Türk dünyasının ortaq himni təklifinə deputatlardan dəstək

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Türk Dövlətləri Təşkilatının (TDT) himninin yaradılmasını təklif edib.
“Bakupost” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
R.Məcid bildirib ki, TDT-nin keçirdiyi tədbirlərdə ev sahibi ölkənin himni ilə yanaşı, təşkilatın öz himninin də səsləndirilməsi yaxşı olar.
MŞ sədri bunun üçün Türk dünyasından şair və bəstəkarların iştirakı ilə müsabiqə keçirilməsini təklif edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə “Bakupost”a bildirib ki, Rəşad Məcidə bu gözəl təklif üçün təşəkkür edir.
“Hesab edirəm ki, bu himni tək bir xalqın nümayəndəsi yazmamalıdır. Bütün türk dövlətlərinin ən tanınmış bəstəkar və şairləri yığışıb ümumi bir himn yazmalıdır. Qoy bunun müəllifi ümumtürk xalqı olsun”.
Müsahibimiz təklifin bütün türk dövlətlərində müsbət qarşılanacağını düşünür.
Milli Məclisin deputatı Arzuxan Əlizadə də qeyd edir ki, Türk Dövlətləri Təşkilatının himninin qəbul edilməsi təşkilatın institusional inkişafı və ortaq kimliyinin daha da möhkəmləndirilməsi baxımından müsbət addım ola bilər:
“Himn yalnız musiqi əsəri deyil, eyni zamanda üzv dövlətləri birləşdirən ortaq dəyərlərin, tarixi bağların və gələcəyə dair vahid baxışın simvoluna çevrilə bilər.
Bu gün Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığı genişləndirir. Belə bir qurumun öz himninin olması onun beynəlxalq təşkilat kimi institusional görünürlüyünü də artıra bilər”.
Deputatın fikrincə, bu himndə bütün üzv və müşahidəçi dövlətlərin ortaq dəyərləri əks etdirilməli, heç bir ölkənin milli kimliyi və suverenliyi kölgədə qoyulmamalıdır:
“Hesab edirəm ki, belə bir təşəbbüs həyata keçirilərsə, himnin hazırlanması prosesi də geniş müzakirələr və ortaq razılaşma əsasında aparılmalıdır. Məqsəd yalnız bir musiqi əsəri yaratmaq deyil, türk dünyasının ortaq tarixini, mədəniyyətini, qardaşlıq münasibətlərini və gələcəyə baxışını ifadə edən rəmz formalaşdırmaq olmalıdır. Bu baxımdan, TDT himni təşkilatın inkişaf edən institusional strukturunu tamamlayan mühüm simvollardan birinə çevrilə bilər”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər