Avropada pensiya yaşı artırılır: yeni hədd açıqlandı
Avropa İttifaqı ölkələrində yaxın onilliklərdə pensiya yaşının əhəmiyyətli dərəcədə artırılması gözlənilir.
News24.az xəbər verir ki, bu barədə “Euronews” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırmasına istinadən məlumat yayıb.
Araşdırmaya görə, 2060-cı illərin sonuna qədər Aİ ölkələrində kişilər üçün orta pensiya yaşı 64,7 yaşdan 66,7 yaşa, qadınlar üçün isə 64 yaşdan 66,6 yaşa yüksələcək.
Məlumata əsasən, Avropa ölkələrinin təxminən üçdə ikisi kişilər, dörddə üçü isə qadınlar üçün pensiya yaşını artıracaq.
Tədqiqat 2024-cü ildə pensiyaya çıxan şəxslərlə həmin il 22 yaşında əmək fəaliyyətinə başlayan və fasiləsiz çalışan insanların gələcək pensiya yaşını müqayisə edib. Hesablamalara görə, ikinci qrupa daxil olanlar 2060-cı illərin sonlarında daha gec yaşda təqaüdə çıxacaqlar.
OECD bildirib ki, pensiya yaşının artırılması pensiya sistemlərinin maliyyə dayanıqlığını qorumağın əsas yollarından biridir. Alternativ variantlar isə pensiya sığorta haqlarının artırılması və ya pensiya ödənişlərinin azaldılmasıdır.
Hazırda kişilər üçün ən yüksək pensiya yaşı Danimarka, Norveç, İslandiya və Niderlandda 67 yaşdır. Gələcəkdə isə bu göstəricinin Danimarkada 74 yaşa, Estoniyada 71 yaşa, İtaliya, Niderland, İsveç və Kiprdə isə 70 yaşa çatacağı proqnozlaşdırılır.
Qadınlar üçün də oxşar tendensiya müşahidə olunur. Hazırda Aİ-də orta pensiya yaşı 64 olsa da, 2060-cı illərin sonuna qədər 66,6 yaşa yüksələcəyi gözlənilir. Danimarkada qadınların da 74 yaşında pensiyaya çıxacağı proqnozlaşdırılır.
Araşdırmada qeyd edilir ki, pensiya yaşının ən çox artacağı ölkələrdən biri Türkiyə olacaq. Burada kişilər üçün pensiya yaşı 52-dən 65 yaşa, qadınlar üçün isə 49-dan 63 yaşa qaldırılacaq.
Ekspertlər xəbərdarlıq edirlər ki, növbəti 25 ildə OECD ölkələrində əhalinin sürətlə qocalması pensiya sistemlərinə təzyiqi artıracaq. Proqnozlara görə, 2050-ci ilə qədər hər 100 əmək qabiliyyətli şəxsə düşən 65 yaşdan yuxarı insanların sayı 33-dən 52-yə yüksələcək.