Tehrandan İslam ölkələrinə çağırış: Vahid təhlükəsizlik sistemi yaradaq
03 Aug 2026, 17:13
1 baxış
Admin
İran indi çalışır ki, bütün İslam dünyasını İsrailə qarşı qaldırsın.
İranın müdafiə naziri vəzifəsini icra edən İbn Rza Türkiyənin müdafiə naziri Yaşar Güler ilə telefon danışığı zamanı bildirib ki, İslam dövlətləri İsrailin "təxribatçı hərəkətlərini" dayandırmaq üçün real birlik nümayiş etdirməlidirlər.
O, müsəlman ölkələrini vahid təhlükəsizlik sistemi formalaşdırmağa çağıraraq, xarici qüvvələrin mövcudluğunun Yaxın Şərqdəki qeyri-sabitliyin əsas amili olaraq qaldığını vurğulayıb.
İslam ölkələrinin vahid təhlükəsizlik sistemi yarana bilərmi? Onun reallaşma ehtimalı varmı?
Siyasi şərhçi Kənan Rövşənoğlu Bakpost.az-a bildirib ki, təklifin baş tutması o qədər də real deyil:
“Əvvəla, ona görə ki, məsələn, təklifin edildiyi Türkiyə NATO hərbi blokunun üzvüdür. Hansı ki, bu alyansın lider dövləti ABŞ hazırda İranla müharibə aparır. Hətta, NATO üzvü olmayan ərəb ölkələrinin bir qismi hazırda İranla müharibə vəziyyətindədir”.Müsahibimiz bəzi müsəlman ölkələri ilə belə bir ittifaqın formalaşmasını mümkün hesab etsə də, hazırda belə dövlətlərin sayının minimum olduğunu dedi:
“Belə dövlətlər azdır, hətta yox kimidir. Belə bir təklifi İran prezidenti Məsud Pezeşkian da müxtəlif platformalarda səsləndirib. Ancaq düşünürəm ki, Pezeşkian özü də təklifin real olmadığını bilir. Bu, hardasa bir xatırlatma və çağırışdır ki, müsəlman ölkələri özləri bir güc kimi birləşsin, nəinki Qərb ölkələrinin hərbi-siyasi təsiri altında olsun”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az