Ukrayna ballistik raketlər qarşısında aciz qalıb: Savaşın forması dəyişir
03 Aug 2026, 16:03
1 baxış
Admin
Avqustun əvvəlindən başlayaraq Rusiya ordusu Ukrayna ərazisinə, xüsusən də paytaxt Kiyevə çoxsaylı hava zərbələri endirir. Zərbələr əsasən də balistik raketlərlə endirilib. Ümumiyyətlə, bir gün ərzində Rusiya tərəfindən Ukraynaya 35 raket, 185 PUA buraxılıb. 27 ballistik raketdən yalnız biri vurulub.
Ukrayna tərəfinin açıqlamasına görə, hücumun əsas istiqaməti Kiyev vilayəti olub. Dnepropetrovsk, Sumı, Xarkov və Poltava vilayətləri də zərbələrə məruz qalıb. Paytaxtın 5 rayonunda dağıntı və yanğınlar qeydə alınıb. Kiyevdə 9 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Görünən odur kİ, Ukrayna tərəfi ballistik raketləri zərərsizləşdirməkdə acizdir. Bunun üçün ona “Patriot” tipli raketdən müdafiə qurğuları lazımdır. Hansı ki, indiki halda ABŞ Pezidenti Donald Tramp “Patriot”ların Ukraynaya istehsalına razılıq vermək istəmir. Belədə isə ballistik raketlərin qarşısında Ukraynanın itkiləri də artır.
Hərbi ekspert İbrahim Rüstəmli “Bakupost”a bildirib ki, bu vəziyyət müharibənin taleyinə neqativ təsir göstərəcək:
“Rusiyanın Ukrayna üzərindəki təzyiqinin daha ağır bir mərhələsini formalaşdıracaq. Rusiya-Ukrayna müharibəsini sadəcə regional, iki dövlət arasında olan müharibə adlandırmaq olmaz. Burada söhbət tamam fərqli, müharibənin içində olmayan, amma müharibənin gedişini müəyyənləşdirən dövlətlərdən gedir. ABŞ, Avropa bu müharibədə birbaşa iştirak etməsələr də, müharibənin taleyinə birbaşa təsir göstərmək imkanına malikdirlər”.
Müsahibimizin fikrincə, müharibənin gedişində hansısa bir tərəfdən qeydə alınan geriləmə və yaxud irəliləmələr məhz böyük dövlətlərin ssenarisi əsasında həyata keçirilir.
Ekspert hesab edir ki, bu cür vəziyyətlər məqsədli və süni şəkildə yaradılır və arxasında da müəyyən niyyət və məqamlar dayanır:
“Bütün hallarda Rusiya ilə Ukrayna arasında barışıqdan söhbət gedə bilməz. Konflikt böyük dövlətlərin hazırladığı ssenari əsasında o qədər dərinləşib ki, artıq qan düşmənçiliyinə çevrilib. Bu əsasda deyirəm ki, Rusiyanın ballistik raketlərədn istifadə etdiyi halda, Ukraynaya ondan müdafiə üçün “Patriot” raketlərinin verilməməsi də məhz böyük dövlətlərin ssenarisinin məhsuludur. Amma heç bir halda Ukrayna Rusiyanın forpostuna çevrilməyəcək. Ukraynanın son günlər qarşı tərəfdən atılan 36 ballistik raketdən yalnız birini zərərsizləşdirə bilməsi o deməkdir ki, 35 hədəf sıradan çıxarılıb. Bu isə Ukrayna üçün böyük itkilər deməkdir”.
İ.Rüstəmlinin sözlərinə görə, bu cür aqressiya Rusiya-Ukrayna münasibətlərinə köklü şəkildə mənfi təsir göstərəcək:
“Amma belə də davam etməyəcək. Ukrayna da Rusiyanın enerji infrastrukturunu sıradan çıxarmaqla ona su, yanacaq sahəsində ciddi problemlər yaradıb”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az