“Alibaba” süni intellekt yarışında yeni mərhələ başlatdı
03 Aug 2026, 13:35
1 baxış
Admin
Çinin texnologiya nəhəngi “Alibaba" indiyədək hazırladığı ən güclü süni intellekt modeli “Qwen 3.8-Max”ı təqdim edib.
“Bakupost” xəbər verir ki, 2,4 trilyon parametrə malik yeni model mətn, şəkil və videonu eyni anda emal edə bilir. Sistem əsasən proqram təminatının hazırlanması, uzun sənədlərin təhlili və mürəkkəb korporativ tapşırıqlar üçün nəzərdə tutulub.
Yeni modelin diqqətçəkən xüsusiyyətlərindən biri hər sorğuda bütün parametrləri deyil, yalnız təxminən 95 milyard parametrdən istifadə etməsidir. Bu yanaşma həm emal sürətini artırır, həm də xərcləri azaltmağa imkan verir.
“Qwen3.8-Max” eyni zamanda 1 milyon token həcmində məlumatı bir dəfəyə emal edə bilir. Bu isə yüzlərlə səhifəlik sənədlərin, iri proqram kodlarının və geniş hesabatların bir əməliyyat çərçivəsində analizinə şərait yaradır.
Məlumata görə, model Çin istehsalı olan “Moonshot AI” şirkətinin hazırladığı “Kimi K3” modeli ilə rəqabət aparacaq. “Alibaba” bununla süni intellekt sahəsində Çin şirkətləri arasında rəqabəti daha da gücləndirməyi hədəfləyir.
Şirkət bildirir ki, “Qwen3.8-Max” sınaqlar zamanı mürəkkəb proqram layihəsini 16 gün ərzində uğurla tamamlayıb. Model kod yazmaq, səhvləri müəyyənləşdirmək və layihənin müxtəlif hissələrini idarə etmək imkanına malikdir.
Yeni süni intellekt modelinin yaxın günlərdə Alibaba “Cloud Model Studio platforması” üzərindən istifadəyə veriləcəyi gözlənilir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az