Trampın Ukrayna məsələsində ikinci cəhdi: Bu dəfə istəyinə nail olacaqmı?
03 Aug 2026, 11:57
1 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp adminstrasiyası yenidən Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq istiqamətində fəaliyyətə start verib. Trampın ABŞ-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü, onun xüsusi nümayəndəsi Stiv Uitkoffla kürəkəni Cared Kuşnerin yaxınlarda Kiyev və ardınca Moskvaya ehtimal edilən səfərləri belə deməyə əsas verir ki, Ağ Ev yenidən diqqətini Ukrayna savaşına yönəltməyə başlayıb.
Qeyd edək ki, İranla ABŞ arasında yaşanan gərginlik fonunda xeyli müddət idi ki, Vaşinqton iki slavyan ölkəsi arasındakı qarşıdurmaya diqqət ayıra bilmirdi. Ona qədər ABŞ-nin həmin münaqişəyə son qoymaq yolunda səyləri isə göründüyü kimi heç bir nəticə verməyib. Əksinə, müharibə tərəfləri bir-birinə qarşı hücumları daha da intensivlşdiriblər.
Belə bir vəziyyətdə Tramp yenidən Ukrayna ilə Rusiya arasında sülhün, bu mümkün olmasa, ən azından atəşkəsin əldə olunmasına çalışır.
Bacaracaqmı, yoxsa yenə də əvvəlki vəziyyət təkrarlanacaq?
Siyasi şərhçi Tural Rzayev Bakupost.az-a bildirib ki, Tramp müharibəni bitirməklə bağlı müəyyən addımlar atmağa çalışır:
“Tramp əvvəldən bu müharibənin əleyhinə olub. Bildirib ki, o zaman hakimiyyətdə olsaydı, müharibə heç başlamazdı, bu müharibəni o deyil, əvvəlki prezident Co Bayden başlayb. Bu əsasda da hakimiyyətə qayıdışında müharibəni bir neçə günə bitirəcəyini deyirdi. Tramp həmin istiqamətdə çox çalışdı. Putinlə Ankoric görüşündə də çalışdı ki, ortaq məxrəc əldə edilsin. Ukraynaya hətta təzyiq də etdi ki, itirilmiş ərazilərlə barışsın. Bunların alınmaması ilə ABŞ prosesdən uzaqlaşdı və diqqətini Yaxın Şərqə yönəltdi”.
Ekspert qeyd edir ki, ABŞ indi iki cəbhədə müharibə aparmaq istəmir. Ona görə də cəbhələrin birini bağlamağa çalışır:
“Qlobal maliyyə qurumları da Ukrayna məsələsində aktivdirlər. Onlar çalışır ki, ABŞ açıq şəkildə prosesə müdaxilə etsin və Rusiyaya qarşı mövqe tutsun. Belədə, qlobal maliyyə qurumları ola bilsin Trampa Ukrayna məsələsini bitirməklə bağlı təzyiq də edir”.
Digər tərəfdən, müsahibimizin fikrincə, Trampın Ukrayna məsələsində yenidən aktivləşməsində, Rusiya ilə qarşılıqlı anlaşma istəyi də dayana bilər:
“Vaşinqton Rusiyanın İrana lazımi dəstək göstərməməsində maraqlıdır. Əvəzində, Amerika da Ukraynaya dəstək göstərməyə bilər. İndiki halda danışıqlar sanki arxa planda qalıb. Eyni zamanda, Ukraynanın Rusiyaya zərbə vurmaq imkanarı artıb. Belə bir vəziyyətdə Ukrayna özü üçün daha yaxşı şərtlər istəyir. Tramp mövcud situasiyada Rusiya ilə uyğun bir məqam tapsa, qlobal maliyyə elitası, hökumət daxilindəki müharibə tərəfdarları və Ukraynanı dəstəkləyən Avropanın müqavimətini qıra bilsə, yenə də Kiyevi sülhə məcbur etməyə çalışacaq”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az