İlan hadisəsindən sonra ilk dəfə danışdı
Əməkdar artist Elnur Kərimov onu sancan ilanın ölməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
News24.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb.
"Üç günə yaxındır ki, bu barədə heç kimə açıqlama verməmişəm. Məni ilan sancdığını əvvəlcə təcili tibbi yardım əməkdaşları, daha sonra isə Mərkəzi Klinik Xəstəxanada təsdiqlədilər. Orada mənə ilan zəhərinə qarşı zərdab vuruldu.
Daha sonra klinikadan bildirdilər ki, həyatıma təhlükə yoxdur və məni evə buraxmaq istəyirlər. Teatrımızın Həmkarlar İttifaqı Komitəsinin sədri də zarafatla dedi ki, həyati təhlükəsi yoxdursa, deməli, ilandan narahat olmalıyıq. Bundan sonra saytlarda ilanın öldüyü ilə bağlı xəbərlər yayıldı. Bu isə mənə xoş olmadı.
Biz heyvanları yemləmək üçün tez-tez müxtəlif ərazilərə gedirik. Hadisə də Maştağada boşluq olan ərazidə baş verib. İlan məni sancanda heç özümün də bundan xəbəri olmayıb. İlan ölməyib, onu heç kim öldürməyib. Hazırda hər şey qaydasındadır. Sadəcə, qanımda bir qədər laxtalanma müşahidə olunur. Buna görə də mənə müvafiq dərmanlar yazıblar", – deyə, aktyor bildirib. (axsam.az)