Cərrahlar bağırsaq xərçənginin 5 əsas əlamətini AÇIQLADILAR
Yoğun bağırsaq (kolorektal) xərçəngi son illərdə gənclər arasında daha çox yayılmağa başlayıb.
News24.az xəbər verir ki, Amerika Cərrahlar Kolleci (ACS) xəstəliyin erkən aşkarlanması üçün diqqət yetirilməli olan əsas əlamətləri açıqlayıb.
ACS Kliniki Konqresi 2025-də təqdim olunan məlumata görə, son 30 ildə 50 yaşdan aşağı insanlarda kolorektal xərçəng hallarının sayı əhəmiyyətli dərəcədə artıb. Mütəxəssislər bildirirlər ki, xüsusilə rektal qanaxma ciddi xəbərdarlıq əlamətidir. Buna baxmayaraq, bu simptom bir çox hallarda hemoroid kimi qiymətləndirildiyi üçün diaqnoz gecikir.
Florida Klivlend Klinikasının Həzm Xəstəlikləri Araşdırmaları Departamentinin sədr müavini Marilis Butrosun sözlərinə görə, uzun müddət davam edən ishal və ya qəbizlik, nəcisdə qan, nəcisin forma və rəngində dəyişiklik, səbəbsiz çəki itkisi, davamlı yorğunluq və anemiya, eləcə də ailədə kolorektal xərçəng və ya polip tarixçəsinin olması diqqətdən kənarda qalmamalıdır.
Mütəxəssislər qeyd edirlər ki, bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, yaşdan asılı olmayaraq həkimə müraciət edilməli və zərurət olduqda kolonoskopiya müayinəsi aparılmalıdır. Onların sözlərinə görə, kolonoskopiya kolorektal xərçəngin aşkarlanmasında "qızıl standart" hesab olunur.
Qeyd edək ki, kolorektal xərçəng üçün profilaktik skrininq müayinələri adətən 45 yaşdan etibarən tövsiyə olunur. Lakin risk faktorları və ya şübhəli əlamətlər olduqda, müayinə daha erkən yaşlarda da aparıla bilər.