Onun haqqında ayrıca cizgi filmi çəkiləcək
"Şrek" franşizasının pərəstişkarları üçün daha bir sevindirici xəbər var. "Universal Pictures" və "DreamWorks Animation" məşhur animasiya seriyası əsasında növbəti spin-off filminin çəkildiyini rəsmən elan edib.
News24.az xəbər verir ki, yeni ekran işi franşizanın ən sevilən qəhrəmanlarından biri olan Eşşəyə (Donkey) həsr olunacaq.
Məlumata görə, hazırda şərti olaraq "Donkey" ("Eşşək") adlandırılan filmin 30 iyun 2028-ci ildə kinoteatrlarda nümayişi planlaşdırılır.
Filmdə Eşşək obrazını yenə də məşhur amerikalı aktyor və komediya ustası Eddi Merfi səsləndirəcək. Layihənin rejissoru Çarli Bin, həmmüəllif-rejissoru isə daha əvvəl "Vəhşi robot", "Çəkməli pişik: Son arzu" və "Pis uşaqlar 2" kimi animasiya filmlərində çalışmış Mett Flinn olacaq.
Xatırladaq ki, bir müddət əvvəl "Şrek 5" filminin ilk treyleri də yayımlanıb. Filmin 2027-ci ilin yayında nümayişə çıxacağı gözlənilir.
Qeyd edək ki, Uilyam Steyqin eyniadlı uşaq kitabı əsasında çəkilən ilk "Şrek" filmi 2001-ci ildə təqdim olunub və qısa müddətdə dünya kinosunun ən məşhur animasiya franşizalarından birinə çevrilib. Daha sonra 2004, 2007 və 2010-cu illərdə seriyanın davam filmləri, 2011 və 2022-ci illərdə isə "Çəkməli pişik" haqqında iki spin-off ekran əsəri təqdim olunub.