Dünya

Moskva və Vaşinqtonun "Oleşki oyunu": Melaniya Tramp nə etməyə çalışır?

02 Nov 2026, 13:44 1 baxış Admin
Moskva və Vaşinqtonun "Oleşki oyunu": Melaniya Tramp nə etməyə çalışır?

ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna arasında Ukraynanın işğal altında olan Oleşki şəhərində (Xerson vilayəti) müvəqqəti humanitar atəşkəs razılaşmasının əldə olunmasında vasitəçilik edib.
Melaniya Tramp sentyabrda BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbirdə Oleşki şəhərindəki ağır humanitar vəziyyət barədə Ukrayna nümayəndələrinin müraciətindən sonra prosesə cəlb olunaraq, hər iki ölkənin rəhbərliyi ilə birbaša danışıqlar aparıb. Nəticədə oktyabrın 27-dən etibarən ərazidə minalardan təmizləmə əməliyyatları və humanitar dəhlizlərin açılması prosesi başlayıb. Bu fonda sözügedən məkanda 27 oktyabrdan noyabrın 1-i axşamadək atəşkəs baş tutub.
Qeyd edək ki, həmin humanitar tədbir nəticəsində təhlükəli zonadan təxminən 800 nəfər təxliyə edilib.
Politoloq Natiq Miri “Bakupost”a bildirib ki, prosesin hara getdiyini anlamaq üçün Melaniya Trampın Donald Trampın Prezident olaraq həm 1-ci, həm də 2-ci dönəmindəki fəaliyyətinə diqqət etmək lazımdır:
“ABŞ-nin hazırki birinci xanımı heç zaman cəmiyyətdə humanitar, siyasi, mədəni yöndə aktiv iştirakı ilə seçilməyib. Bu yöndə o keçmiş birinci xanımlar arasında bəlkə də ən passiv olanıdır. Melaniya bundan öncə də Putindən ukraynalı uşaq əsirlərin geri qaytarılmasını xahiş etmişdi. Buna baxmayaraq, barmaqla sayılacaq səviyyədə cəmi bir neçə uşaq Ukraynaya qaytarıldı”.
Müsahibimiz düşünür ki, Oleşki olayı öncədən Vaşinqtonla Moskva arasında razılaşdırılmış bir şoudur:
“Çünki Oleşki məsələsinin spontan olaraq ortaya çıxması təsadüf ola bilməz. Bu həm də Rusiya üçün “hamam suyundan şirin çay” anlamına gəlir. Ona görə də Oleşkidə humanitar aksiya rahatlıqla həyata keçdi”.
Müsahibimizin sözlərinə görə, prosesin qlobal səviyyədə böyüdülüb, ondan siyasi məqsədlər üçün istifadə olunduğu açıq şəkildə hiss olunur:
“Mediadakı təbliğat ən azından bunu göstərir. Ancaq məsələnin bu səviyyədə şişməsinin başqa tərəfi də var”.
Həmin tərəf isə ekspertə görə, Rusiyadır:
“Rusiya ötən 5 il ərzində humanitar yöndə ciddi bir addım atmayıb. Əksinə, Rusiyanın bu dövrdə adı yalnız Ukrayna xalqına qarşı soyqırımı hadisələrində hallanıb. Son olay da bu mənada Moskvanın müəyyən dividentlər qazanması üçündür”.
Həmsöhbətimiz qeyd edir ki, məsələnin şişirdilməsi Donald Trampın da marağına uyğundur:
“Hadisə Konqresə aralıq seçkiləri ərəfəsində baş verdi. Çünki Tramp seçki ərəfəsi bu kimi addımların Amerika ictimai rəyində öz xeyrinə müsbət rol oynayacağını düşünürdü. Yəni proses əvvəlcədən düşünülmüş, dövriyyəyə buraxılmış bir hadisədir”.
Buna rəğmən politoloq Melaniya Trampın gələcəkdə ərinin yerinə Prezidentliyə namizəd olacağı perspektivini görmür:
“Çünki Melaniya xanım respublikaçılar və Amerika cəmiyyəti tərəfindən dəstəklənən bir fiqur deyil. Ona görə də siyasi komediyanı Konqresə seçki ərəfəsi başladılar və bitirdilər. Melaniyanın gələcəkdə Nobel Sülh Mükafatı almaq niyyətinə gəldikdə, belə bir hadisə ilə həmin mükafatı almaq mümkün deyil. Bunun üçün həmin yöndə uzun müddət fəaliyyət göstərmək lazımdır”.
Müsahibimiz humanitar aksiyanın böyüyüb daha böyük atəşkəsə səbəb olacağını düşünmür:
“Çünki əvvəlcədən razılaşdırılmış şouya bənzəyir. Bu əslində Dmitriyevlə Uitkoff arasında aparılan səhnələşdirilmiş şounun tərkib hissəsidir. Bundan o tərəfə isə Rusiya razı olmayacaq”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər