Dünya

Referendum üçün vaxt qazanmaq taktikası: Paşinyan müxalifətin sualını niyə bayraq edir?

02 Nov 2026, 14:02 1 baxış Admin
Referendum üçün vaxt qazanmaq taktikası: Paşinyan müxalifətin sualını niyə bayraq edir?

Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlı olduğunu deyən Ermənistan baş naziri Nikol Paşinyan son zamanlar bunun əksini göstərən açıqlamalarla çıxış etməyə başlayıb.
Paşinyan bildirib ki, Yerevan yaxın gələcəkdə yeni Konstitusiyanın qəbul edilməsinin Azərbaycanla hərtərəfli sülh müqaviləsi bağlamaq üçün kifayət edib-etməyəcəyi sualına cavab almaq niyyətindədir.
“Bakupost” xəbər verir ki, Ermənistan hökumətinin başçısı bu açıqlamanı dövlət büdcəsi layihəsinin parlament müzakirələri zamanı verib.
Paşinyan əvvəllər parlament müxalifətinin üzvləri tərəfindən qaldırılan və Əsas Qanuna düzəlişin sülh müqaviləsinin imzalanmasına zəmanət verib-verməyəcəyi ilə bağlı sualın legitimliyini etiraf edib:
"Ötən həftə parlament müxalifəti qanuni və vacib bir sual qaldırdı: yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaqmı? Səylərimiz yaxın gələcəkdə bu suallara cavab almağa yönəldiləcək".
Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Paşinyan bu kimi manevrlərə getməklə konstitusiya dəyişikliyilə bağlı qərarın qəbul edilməsi müddətini uzatmağa çalışır:
“Son seçkilərdə üstün olsalar da, parlamentdə Paşinyan tərəfdarlarının mandatlarının sayı azalıb. Digər tərəfdən, Ermənistanda daxili vəziyyət gərgin olaraq qalır. Ermənistan ətrafında xarici siyasət də mürəkkəbdir. Belədə Paşinyan da yeni konstitusiyanın qəbul edilməsinin Azərbaycanla hərtərəfli sülh müqaviləsi bağlamaq üçün kifayət edib-etməyəcəyi sualına cavab almaq niyyətini bəyan etməklə, əslində manevr edir. Bu manevrlərlə də qərarın qəbul edilmə müddətini təxirə salmaq istəyir. Nəticədə belə əndrabadi ifadələr işlədir. Deməli, İrəvan sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığını ortaya qoyur. Bu açıqlamalar da bir bəhanədir”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər