Cəmiyyət

Ödənişsiz imtahan hazırlığı modeli: təmayül sinifləri repetitorluğa son qoyacaq?

02 Nov 2026, 15:29 1 baxış Admin
Ödənişsiz imtahan hazırlığı modeli: təmayül sinifləri repetitorluğa son qoyacaq?

Azərbaycanda repetitor xidmətlərinə tələbatın artması ailələrin təhsil xərclərini də artırır. Əlavə hazırlıq imkanlarının hər kəs üçün əlçatan olmaması isə şagirdlər arasında bərabərsizliyi gücləndirir.
Təhsil üzrə ekspert Səbuhi Abdullayev “Bakupost”a bildirib ki, repetitor xidmətlərinə tələbatın artmasının səbəblərindən biri imtahanların yeni modellərinin tətbiqi, eləcə də dərsliklərdə müəyyən çətinliklərin olmasıdır.
Onun sözlərinə görə, əsas səbəblərdən biri də valideynlər arasında rəqabətdir. Valideynlər övladlarının daha yüksək nəticə göstərməsi və müasir tələblərə uyğun ali təhsil alması üçün əlavə hazırlığa üstünlük verirlər.
Ekspert qeyd edib ki, repetitor xidmətləri yalnız ali məktəblərə qəbul imtahanlarına hazırlıqla məhdudlaşmır. Şagirdlər olimpiadalara, liseylərə qəbul imtahanlarına və digər istiqamətlər üzrə də repetitor yanına gedirlər. Bununla belə, əsas tələbat ali təhsil müəssisələrinə hazırlıqla bağlıdır.
Səbuhi Abdullayev vurğulayıb ki, əlavə hazırlıq imkanlarının bütün ailələr üçün əlçatan olmaması təhsildə bərabərsizliyə səbəb olur. Bu problemin müəyyən qədər aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi tərəfindən 31 məktəbdə təmayül siniflərinin yaradılması ilə bağlı qərar qəbul edilib. Həmin məktəblərdə hazırlıq prosesi ödənişsiz təşkil olunur, 11-ci sinif şagirdləri üçün birbaşa imtahan hazırlığı aparılır və əlavə fənlər tədris edilir.
Ekspert hesab edir ki, belə məktəblərin sayının artırılması təhsilin əlçatanlığını yaxşılaşdıra bilər. Onun sözlərinə görə, hazırkı şəraitdə isə bütün şagirdlər üçün bərabər imkanlar mövcud deyil.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər