Yorğun "Sabah", axsayan "Qarabağ" - Qalib kim olacaq?
Azərbaycan futbolunda “Qarabağ” və “Sabah” komandaları arasındakı rəqabət son dövrlər daha da güclənib. Hər iki komandanın çempionluq uğrunda mübarizəsi və nümayiş etdirdikləri oyun qarşıdakı görüşə marağı artırır. Xüsusilə “Sabah”ın Çempionlar Liqasında çıxış etməsi komandanın oyun təcrübəsi və fiziki hazırlığı baxımından diqqət çəkir.
Maraqlıdır, bəs bu amil “Qarabağ”la qarşılaşmada nə dərəcədə rol oynayacaq? Hazırda “Qarabağ”ın oyun səviyyəsini və komandanın potensialını necə qiymətləndirmək olar? Yeni transferlər kollektivə uyğunlaşa bilibmi?
Bu barədə News24.az-a açıqlama verən futbol şərhçisi Emin Abbasov bildirdi ki, “Sabah” Çempionlar Liqasında çıxış etməsinə baxmayaraq, Azərbaycan Premyer Liqasında da liderliyi ələ keçirib və yaxşı irəliləyir: ““Qarabağ” da nəticə baxımından pis təsir bağışlamır, lakin oyun planında əvvəlki səviyyədə görünmür. Bir tərəfdən, “Sabah”ın gücünü iki turnir arasında bölüşdürməsi “Qarabağ”ın işinə yaraya bilər. Digər tərəfdən isə indiyədək nümayiş etdirdiyi oyun “Qarabağ”ı favorit hesab etməyə imkan verir. Qarşılaşmanın prinsipiallığını nəzərə alsaq, gərgin mübarizənin şahidi olacağımızı deyə bilərik”.
Emin Abbasov “Qarabağ”a yeni transfer olunmuş legionerlər barəsində də söz açıb. O qeyd etdi ki, yeni transferlərin komandaya uyğunlaşdığını demək hələ tezdi: “Çünki “Qarabağ”ın oyun planında hələ də müəyyən axsamalar müşahidə olunur. Bəzi futbolçuların optimal formada olmaması, xətlər arasında anlaşmanın lazımi səviyyədə görünməməsi və digər çatışmazlıqlar bunu deməyə əsas verir. Bu baxımdan, təkcə yeni transferlərin deyil, bütövlükdə komandanın oyununda hələ də problemlər var.
Bunun səbəblərini kənardan dəqiq müəyyənləşdirmək çətindir. Yəqin ki, Qurban Qurbanov da bu məsələləri araşdırır və çatışmazlıqların aradan qaldırılması istiqamətində iş aparılır. Ancaq hazırda fakt budur ki, “Qarabağ”ın oyun planında kifayət qədər ciddi axsamalar var”.