Ticarət razılaşması və süni intellekt mübahisəsi: Trampla Cinpinin görüşü dünyanı xilas edəcəkmi?
25 Sep 2026, 16:03
1 baxış
Admin
Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşüb. Tramp bu təması mühüm əhəmiyyətli bir görüş kimi dəyərləndirib.
Politoloq Tofiq Abbasov “Bakupost”a bildirib ki, ticari əlaqələrdə tərəflər arasında razılaşma hər iki tərəf üçün vacib məsələdir:
“İki liderin görüşündə bir çox məsələlər müzakirə obyekti oldu. Əsas məsələ iki dövlət arasındakı ticari razılaşma məsələsi idi. Bununla bağlı bəzi məqamlarda tərəflərin baxışları üst-üstə düşsə də, bir çox məqamlarda bunun əksi baş verir. Ticari münasibətlərdə iki tərəfin əlaqələrini tənzimləyəcək yeni bir modelin yaradılması nəzərdə tutulurdu. ABŞ onun 6 aylıq müddətə sınaqdan keçirilməsini, Pekin isə Trampın Prezidentlik dönəminin sonuna qədər tətbiq edilməsini istəyib”.
Ekspertin sözlərinə görə, süni intelektlə bağlı yanaşmalarda isə tərəflərin baxışları haçalanır:
“Trampın yanaşmasına görə, süni intelekt məsələsində heç bir tənzimləyici, məhdudlaşdırıcı mexanizmləri tətbiq etməyəcəklər. Si Cinpin isə ola biləcək fəsadları əsas gətirməklə bildirib ki, insan bunu da öz nəzarətində saxlamalıdır”.
Müsahibimiz əsas məsələlərdə tərəflərin bir-birinə güzəştə gedəcəklərini düşünmür:
“Tramp görüşdən sonra indiyə qədər belə məhsuldar görüşün olmadığını bəyan edib. Amma bu açıqalama dəbdəbədən başqa bir şey deyil. Çünki faktiki olaraq bu iki ölkə bir-birilə gərgin münasibətlərdədir. Heç zaman onlar bir-birinə düzünü deməyəcək. Mətbuata bəyanatlarda ümidverici məqamları önə çəksələr də, tərəflərdən heç biri güzəştə gedən deyil.
ABŞ İranın neft açarını ələ keçirməklə Çini asılı vəziyyətə salmaq və belədə ona diktə etməyi düşünürdü. Amma bu alınmadı. Ona görə də gülə-gülə bir-birilərinin “başının altına yastıq” qoyurlar, amma öz işlərindən də əl çəkmirlər”.
Politoloqun sözlərinə görə, bu görüşün dünyadakı böhranlara bir o qədər də təsirləri olmayacaq:
“Xüsusən də Ukrayna-Rusiya qarşıdurmasına Rusiya təcavüzkar olsa da, müharibənin ssenarisi Qərbdə hazırlanıb. Nyu-Yorkdakı bu danışıqlardan sonra nə ikitərəfli münasibətlərdə, nə də dünya siyasətində böyük transformasiyaların yaşayacağına inanmıram. Hər iki tərəf öz mövqeyində qalacaq. Bəzi məsələlərlə bağlı “hə” deməkləri, onun mütləq şəkildə həyata keçəcəyi demək deyil. Tərəflər sadəcə həm qarşı tərəfi, həm də dünya birliyini aldadırlar. Strateji anlamda onların güzəşt etmək niyyətləri yoxdur”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az