İş adamı Qoşqar Məmişova "stop" qoyuldu
24 Sep 2026, 20:48
1 baxış
Admin
Vergi borcuna görə “Olimpik İdman və İstirahət Kompleksi” MMC-nin rəhbəri Məmişov Qoşqar Sabit oğlunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
"Bakupost" Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Vergi Xidməti bununla bağlı məhkəməyə müraciət edib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, şirkətin dövlət büdcəsinə 12 319,46 manat, icbari tibbi sığorta fonduna isə 5,70 manat borcu var. Qoşqar Məmişovun fərdi sahibkar kimi dövlət büdcəsinə 908,93 manat, işsizlikdən sığorta fonduna 4,55 manat və icbari tibbi sığorta fonduna 2,79 manat borcu yaranıb.
Vergi borclarının ödənilməsi ilə bağlı dəfələrlə bildiriş göndərilsə də, borc ödənilməyib.
Məhkəmə ərizəni təmin edərək borcların ödənilməsini təmin etmək məqsədilə Qoşqar Məmişovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına qərar verib. Qərar qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilməsi icrasını dayandırmır.
Hazırda Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məlumatına görə, “Olimpik İdman və İstirahət Kompleksi” MMC-nin 16 549,44 manat vergi borcu var.
Qeyd edək ki, ötən il Məmişov Qoşqar Sabit oğluna məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Dağlılar Balıq Evi” restoranında nöqsanlar aşkarlandığı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cərimə tətbiq edilib.
Mənbə:
bakupost.az