Dünya

Tramp Putini şəxsən dəvət etdi: Dünyanın gözü Mayamiyə dikiləcək

24 Sep 2026, 17:18 2 baxış Admin
Tramp Putini şəxsən dəvət etdi: Dünyanın gözü Mayamiyə dikiləcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında Mayamidə keçiriləcək "G20" sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp ilə üçtərəfli görüşün keçirilməsini istisna etmədiyini bildirib.
“Bakupost” xəbər verir ki, Ukrayna lideri bu formatda keçiriləcək danışıqların real nəticələr verə biləcəyini vurğulayıb.
Zelenski qeyd edib ki, Donald Trampla yanaşı, Avropa ölkələrinin, Çinin, Hindistanın və Yaxın Şərq dövlətlərinin nümayəndələrinin də prosesə cəlb olunması məhsuldar sülh danışıqları üçün lazımi şərait yarada bilər.
Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, belə bir üçtərfəli görüş ehtimal ediləndir:

“Görüş baş tutsa, onun özü belə müsbət hadisə olacaq. Hər halda ABŞ Prezidenti Donald Tramp görüşün baş tutması üçün ondan tələb olunan addımları atıb. Vladimir Putini də “G20” sammitinə rəsmən dəvət edib. Hərçənd ki, Putin Ukrayna müharibəsi başlanandan bəri “G20-dən” kənarlaşdırılıb. İlk dəfədir ki, Tramp müstəsna səlahiyyətlərindən istifadə edib, Putini şəxsən görüşə dəvət edib. Zelenskinin həmin tədbirə çağırılması isə təbiidir. O, hara çağırsalar gedir, çünki asılıdır”.
Politoloqun sözlərinə görə, sözügedən görüş baş tutsa da, orada əldə ediləsi ən böyük nailiyyət yalnız və yalnız atəşkəs ola bilər: “Qoşunlar təmas xəttində dayanır, atəş kəsilir və müharibə dondurulur. Bundan sonra Rusiya işğal etdiyi əraziləri özünə birləşdirməkdə davam edəcək. İndi də Moskva bu işlə məşğuldur, amma müharibənin dayanması ilə onu daha “uğurla” həyata keçirəcək”.
Ekspert qeyd edir ki, işğal edilmiş ərazilərin Ukraynaya qaytarılması məsələsi isə “yaşıl ayın başında, qırmızı çərşənbəyə”, yəni qeyri-müəyyən vaxta qalacaq:
“Bu müddət ərzində tərəflərdən hansının zəifləyəcəyi, güclənəcəyi, qüvvələr nisbətinin necə olacağı və dünyanın prosesə münasibətinin necə olacağını demək çətindir. Ukrayna-Rusiya danışıqlarında da yaxın 10-50 ildə heç bir nəticə əldə edilməyəcək. Çünki tərəflərin mövqeyi bir-birinə daban-dabana ziddir”.
Hələliksə, müsahibimizə görə, Rusiya istədiyinə nail olub:
“Ukrayna əhalisinin yarısını itirib, ərazisinin 20 faizi işğaldadır. Asılı dövlətə çevrilib. Ukrayna ordusu güclüdür, amma buna baxmayaraq torpaqları azad etməyə qadir deyil”.
Rüfət Sultan,BakuPost
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər