Dünya

Ani körpüsünün bərpası və Zəngəzur dəhlizi: Ərdoğan-Paşinyan görüşünün detalları

24 Sep 2026, 17:36 2 baxış Admin
Ani körpüsünün bərpası və Zəngəzur dəhlizi: Ərdoğan-Paşinyan görüşünün detalları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın Nyu-Yorkda görüşüblər.
"Bakupost" xəbər verir ki, tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər.
Ermənistan hökumətinin məlumatına görə, Ərdoğan və Paşinyan iki ölkə arasındakı münasibətlərə “yeni impuls verməyə” hazır olduqlarını vurğulayıblar. Görüşdə ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, iki ölkənin işgüzar dairələri arasında təmasların genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Danışıqlar zamanı tarixi Ani körpüsünün birgə bərpasına da diqqət ayrılıb.
Ərdoğanla Paşinyan Azərbaycan və Ermənistan arasında sülh prosesini də müzakirə ediblər. Bu çərçivədə Zəngəzur dəhlizinin reallaşdırılması və regionda nəqliyyat-kommunikasiya xətlərinin inkişaf etdirilməsi məsələlərinə toxunulub.
Siyasi şərhçi Əlimusa İbrahimov “Bakupost”a bildirib ki, Ərdoğanla Paşinyanın görüşü iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq:
“Son illərə qədər Ankara-İrəvan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərinə bağlanırdı. Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafı istiqamətində də addımlar atılır”.
Ekspertin sözlərinə görə, hazırda Bakı ilə İrəvan arasında münasibətlərin qurulması və inkişaf etdirilməsində ciddi maneə olmadığından, Türkiyə də bunu əsas götürərək, Ermənistanla münasibətləri inkişaf etdirir:
“Bakı və Ankara bu istiqamətdə atacaqları addımları və gördükləri işi koordinasiya edirlər.
Ərdoğan Paşinyanı Ankaraya səfərə dəvət edib. Noyabrda Türkiyədə “COP31” keçiriləcək. Türkiyə Prezidenti də şəxsən Ermənistan baş nazirini tədbirə dəvət etdi. Bu da təbii ki, İrəvanla Ankara arasında ikitərəfli münasibətlərdə böyük hadisə olacaq”.
Müsahibimiz düşünür ki, Türkiyə-Ermənistan münasibətləri Bakı-İrəvan münasibətlərinə də müəyyən impuls verəcək:
“Mütəxəssislərin Ərdoğanla Paşinyan arasında Nyu-York görüşünü yüksək qiymətləndirmələrinin əsas səbəbi də fikrimcə, budur. Ankara sanki region dövlətlərilə əlaqələrinə yenidən baxır. Bu baxımdan Türkiyə ilə Ermənistan arasındakı münasibətlər də artıq düzənə düşür. Bütün bunları bir yerə topladıqda düşünmək olar ki, yaxın aylarda Ankara İrəvan münasibətləri yüksələn xətlə inkişaf edəcək və bu münasibətlər Azərbaycan-Ermənistan münasibətlərinə də təsir edəcək. Yaranmış situasiya Cənubi Qafqazda dövlətlər arasında yeni münasibətlər sisteminin yaranması ilə nəticələnəcək”. Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər