İqtisadiyyat

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır

24 Sep 2026, 10:14 2 baxış Admin
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması nəzərdə tutulur.

News24.az xəbər verir ki, bu, "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, qanun layihəsi ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, beynəlxalq təcrübə, xarici ölkələrin analoji qanunvericiliyi və ölkəmizin kapital bazarlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.

Sənəd ölkədə sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, sekyuritizasiya fəaliyyəti üzrə risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.

Sekyuritizasiya kreditorlara aktivlər üzrə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə imkan verən bir alətdir. Belə ki, kreditor sahib olduğu aktivlərdən daxil olacaq pul vəsaitlərinin dərhal əldə edilməsi məqsədilə həmin aktivləri daha aşağı qiymətlə sekyuritizasiya şirkətinə satır. Sekyuritizasiya şirkəti isə öz növbəsində satın aldığı aktivlər əsasında sekyuritizasiya olunmuş istiqrazlar buraxır və həmin istiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirilir.

Qanun layihəsində sekyuritizasiya prosesinin hər bir iştirakçısına, o cümlədən aktivlərin satıcısına (ilkin kreditor), sekyuritizasiya olunmuş istiqrazları emissiya edən sekyuritizasiya şirkətinə dair tələblər, onların səlahiyyətləri və funksiyalarına dair müddəalar və sekyuritizasiya prosesinin tətbiqi ilə bağlı mexanizmlər tənzimlənib.

Hər bir sekyuritizasiya prosesinin Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi sekyuritizasiya planı ilə müşayiət olunması nəzərdə tutulur. Aktivlərin satışı aktivlərin satıcısı ilə sekyuritizasiya şirkəti arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

Sekyuritizasiya planında sekyuritizasiya prosesinin iştirakçıları və sekyuritizasiyanın predmeti olan aktivlər barədə məlumat, mövcud risklər və onların azaldılması üsulları, həmçinin aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğunu əks etdirən kənar auditor rəyi əks etdirilməlidir. Sekyuritizasiya planını AMB təsdiq etdikdən 60 iş günü ərzində sekyuritizasiya şirkəti istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün tənzimləyici quruma Banka müraciət etməlidir.

Layihədə sekyuritizasiya prosesi üzrə yarana biləcək riskləri azaltmaq məqsədilə bir sıra üsullar müəyyən edilib. Belə ki, sekyuritizasiya şirkətinə satılan aktivlərin kredit riski, həmin aktivlərin satıcısının balansında qalan eyni növlü aktivlərin kredit riskindən çox olmamalıdır, eyni zamanda aktivlərin satıcısı sekyuritizasiya şirkətinə satdığı aktivlər əsasında emissiya olunan istiqrazların azı 5%-ni özü əldə etməli və bu istiqrazları tədavül müddətinin sonuna qədər saxlamalıdır. Bundan əlavə, layihədə aktivlər üzrə pul tələblərinin öhdəliklərin icrasının təminat üsulları ilə təmin olunması, eləcə də istiqrazların fərqli kredit risklərinə malik bir neçə buraxılışla emissiyası kimi mexanizmlər də nəzərdə tutulub.

Qiymətli kağızlar bazarında sekyuritizasiya fəaliyyətinin tənzimlənməsi və bu mexanizmin tətbiqi bazar iştirakçıları üçün likvidliyin idarə edilməsi üzrə səmərəli alət olmaqla, likvid olmayan aktivlərin likvid qiymətli kağızlara çevrilməsinə, qiymətli kağızlar bazarında maliyyə alətlərinin çeşidinin genişləndirməsinə və investorlar üçün əlavə investisiya imkanlarının yaranmasına şərait yaradacaq.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər