Dünya

ABŞ Sudan liderinə BMT-də iştirak üçün viza vermədi

22 Sep 2026, 22:54 2 baxış Admin
ABŞ Sudan liderinə BMT-də iştirak üçün viza vermədi

ABŞ hələlik Sudan Suveren Şurasının sədri və ordu komandanı Əbdülfəttah əl-Burhana BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün giriş vizası verməyib.

News24.az xəbər verir ki, “Reuters”in mənbələrə və Sudanın BMT-dəki daimi nümayəndəsinin məktubuna istinadən yaydığı məlumata görə, Vaşinqton viza məsələsini Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında ABŞ-nin təklif etdiyi 90 günlük atəşkəslə əlaqələndirir. Sudan tərəfi daha əvvəl bu təkliflə bağlı etirazlarını bildirib.

Sudanın BMT-dəki daimi nümayəndəsi Əl-Haris İdris BMT-nin Baş katibi Antonio Quterreşə müraciət edərək vəziyyətə müdaxilə etməsini istəyib. O bildirib ki, vizanın verilməsinin daha da gecikdirilməsi BMT-yə üzv ölkələrdən birinin rəhbərinin Baş Assambleyanın işində şəxsən iştirakına mane olacaq.

Quterreş vəziyyətdən narahatlığını ifadə edib və ABŞ-ni BMT-nin mənzil-qərargah ölkəsi kimi öhdəliklərinə uyğun olaraq vizanın verilməsini təmin etməyə çağırıb. BMT Katibliyi məsələni ABŞ rəsmiləri qarşısında qaldırıb.

ABŞ Dövlət Departamenti isə konkret viza müraciətlərini şərh etmədiyini bildirib.

Əl-Burhanın sentyabrın 24-də Baş Assambleyanın ümumi siyasi müzakirələrində çıxış etməsi gözlənilir.

Qeyd edək ki, ABŞ, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ Sudan münaqişəsinin həlli üzrə diplomatik səylər göstərən vasitəçilər qrupuna daxildir. Vaşinqton humanitar yardımın çatdırılması və siyasi danışıqlar üçün şərait yaradılması məqsədilə üç aylıq atəşkəs təklif edir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər