Dünya

Gerasimov doktrinası və "boz zona" müharibəsi: Kreml Qərbin reaksiyasını necə ölçür?

22 Sep 2026, 16:48 1 baxış Admin
Gerasimov doktrinası və "boz zona" müharibəsi: Kreml Qərbin reaksiyasını necə ölçür?

Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni genişləndirməyə və NATO ölkələrinə qarşı hibrid hücumları artırmağa hazırlaşmasından narahatdırlar.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa təhlükəsizlik xidmətləri seçkilərdən sonra Rusiyanın NATO-nun möhkəmliyini yoxlamağa cəhd edə biləcəklərini istisna etmir. Bəzi təhlükəsizlik xidməti nümayəndələrinin iddiasına görə, belə bir ssenari yaxın aylarda baş verə bilər.
Hətta Polşanın baş naziri Donald Tusk daha əvvəl bildirmişdi ki, Rusiyanın NATO-nun hazırlığını yoxlamaq üçün dron və raketlərdən istifadəsi mümkündür. Fransa Prezidenti Emmanuel Makron da bu xəbərdarlıqları əsaslı adlandırıb.
Rusiyadakı seçkilərdən sonra belə bir narahatlıqda Qərb haqlıdır, yoxsa bu açıqlamalar sadəcə daxili auditoriya üçündür?
Siyasi şərhçi Elçin Alıoğlu “Bakupost”a bildirib ki, Rusiyada seçkilərdən sonra Avropada səslənən bu sayaq xəbərdarlıqlar nə yaxınlaşan böyük müharibənin anonsu kimi qəbul edilməlidir, nə də onu sırf siyasi təbliğat kimi kənara atmaq olmaz:

“Reallıq tamam başqadır. Rusiyanın sülhlə açıq müharibə arasında “boz zona”da fəallığı artıb. Moskva Ukraynada işğalçı müharibə aparır, amma onu xüsusi hərbi əməliyyat adlandırır. Fəqət Kremlin yaxın aylarda NATO ölkələrindən hansısa birinə birbaşa hərbi zərbələr endirəcəyini təsdiqləyən açıq gündəlik tapılmayıb. Avqustun 30-da NATO nümayəndəsi də bəyan etdi ki, təşkilat Rusiyanın birbaşa hücumu ilə bağlı yaxın və qaçılmaz təhdid görmür”.
Müsahibimiz Moskvanın hibrid fəaliyyətinin intensivliyini artırdığına isə şübhə etmir:
“Kreml Rusiyadakı seçkilərin nəticəsini müharibə şəraitində siyasi sistemin dayanıqlığının təsdiqi kimi təqdim edir. Səsvermədən əvvəl istənilən hakimiyyət cəmiyyətdə kəskin narazılıq doğura biləcək addımlardan yayınmağa çalışır. Söhbət yeni geniş miqyaslı səfərbərlik, əlavə iqtisadi məhdudiyyətlər, ağrılı sosial qərarlardan gedə bilər. Seçki dövrünün başa çatması ilə belə addımlar üçün siyasi manevr imkanları obyektiv şəkildə artır. Amma bu NATO-ya qarşı konkret planın mövcudluğunu sübut və ehtiva etmir”.
Ekspertə görə burada daha vacib məsələ tamam başqadır:
“Rusiya iqtisadiyyatı, sənayesi, dövlət idarəçiliyi, hərbi siyasətin mühüm hissəsi uzunmüddətli hərbi qarşıdurmaya uyğunlaşdırılmış militarlaşmış ölkə kimi tanınır. Rusiya hərbi sənaye kompleksini itkilərini kompensasiya etmək, tələbatı uzun müddət ödəmək üçün geniş miqyasda yenidən qurub. Yəni Rusiya iqtisadiyyatının çökdüyünü söyləmək ağ yalandır”.
E. Alıoğlunun sözlərinə görə, burada məqsəd əlavə ərazi ələ keçirmək, dünya müharibəsinə başlamaq deyil:
“Avropa ölkələri Rusiyanın topladığı hərbi potensialı təhlil edir. Bu mənada Polşanın baş naziri və digərlərinin dedikləri sadəcə olaraq təbliğatdır. Rusiya alyans ölkələrinə qarşı dron və raketlərdən istifadə etmək niyyətində deyil. Onlar sadəcə hibrid müharibə aparırlar. Bu müharibə anlayışının müəllifi Rusiya Baş Qərargahının rəisi general Gerasimovdur. Burada isə məqsəd əlavə ərazi ələ keçirmək, dünya müharibəsinə başlamaq deyil. Məqsəd Polşa, Böyük Britaniya, Almaniya, Fransa və ABŞ-nin hadisələrə necə reaksiya verəcəyini ölçməkdir. Bugünkü qarşıdurma klassik müharibə variantından xeyli mürəkkəbdir. Rusiya hücum etsə belə, heç də NATO-nun bütün üzvlərinin əks-hücuma keçəcəyini də düşünmürəm. NATO ölkələrinin əksəriyyəti bu müharibəyə qatılmayacaq. Rusiya da bunu gözəl bilir. Ona görə də qeyri-müəyyənlik üçün meydanı genişləndirir”.
Rüfət Sultan,BakuPost
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər