Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb
19 Sep 2026, 14:13
2 baxış
Admin
Azərbaycanlı interyer dizayner Günel Babayevanın “JUNO – Buludlar üzərində ilahi ziyafət” adlı tematik restoran layihəsi 8 sentyabr 2026-cı ildə Çin Xalq Respublikasında keçirilən XII Memarlıq-Dekorasiya Dizayn Sənəti Əsərləri Sərgisi və Dizayn Əsərləri Müsabiqəsində qızıl medala layiq görülüb.İqtisadiyyat.az xəbər verir ki, Günel Babayeva müsabiqə 1984-cü ildə yaradılandan bəri qızıl medala layiq görülən ilk xarici vətəndaş olub.
"Bakupost" xəbər verir ki, Çin Memarlıq Dekorasiya Assosiasiyası (CBDA) tərəfindən təşkil olunan müsabiqə memarlıq, dekorasiya və interyer dizayn sahəsində seçilən layihələrin nümayişinə və peşəkar təcrübə mübadiləsinə həsr olunub.
Günel Babayevanın “JUNO” layihəsi Bakıda yerləşən Mercure Baku City Hotel-in 13-cü mərtəbəsində həyata keçirilən tematik restoran konsepsiyasıdır. Layihədə Roma mifologiyasındakı ilahələr kraliçası Juno obrazı, Bakının “Odlar şəhəri” kimliyi və yüksək mərtəbədən açılan şəhər panoraması vahid interyer konsepsiyasında birləşdirilib.
Layihənin əsas kompozisiya elementlərini səhnə və tavan sistemi təşkil edir. Səhnənin mərkəzində yerləşən qızılı “Juno” loqosu və mifoloji fiqurlar məkanın teatrallaşdırılmış atmosferini formalaşdırır. Əyri tavan elementləri, isti işıq zolaqları və taxta konstruksiyalar isə girişdən bar və yemək zonasına, oradan səhnəyə qədər vahid vizual xətt yaradır.
İnteryerin rəng və material həllində qızılı, tünd qırmızı və tünd mavi tonlar, həmçinin taxta, mis, daş, metal və güzgü səthlərindən istifadə olunub. Layihə restoran, bar, canlı çıxış və sosial ünsiyyət funksiyalarını bir məkanda birləşdirərək hotelin 13-cü mərtəbəsini qastronomiya, şəhər mənzərəsi və əyləncəni bir araya gətirən tematik məkana çevirir.
Qeyd edək ki, bu il tədbirdə iştirak edənlərin sayının 10 min nəfərdən çox olduğu bildirilir.
Onu da bildirək ki, Günel Babayevanın layihələri bundan əvvəl keçirilən nüfuzlu beynəlxalq yarışmalarda da uğur qazanıb. O, müəlliflərindən biri olduğu şəhərsalma layihəsinə görə 2025-ci ildə "International Design Awards" (IDA) tərəfindən gümüş medal, "Youth Sustainable Innovation Summit" (YSE) çərçivəsində keçirilən "2025 Green Award" müsabiqəsində isə qızıl mükafatla təltif edilib.
Mənbə:
bakupost.az