“Uşaq telefonla yatır, telefondan durur” – Həkimdən qalxanabənzər xərçənglə bağlı SOS -MÜSAHİBƏ
Cərrah-endokrinoloq Sadiq Bəbirovun sosial şəbəkədə qalxanvari xərçəngin artması ilə bağlı verdiyi SOS, bu xəstəlikdən son zamanlar ən çox gənc və yeniyetmələrin əziyyət çəkməsi və bunun da başlıca səbəbinin telefonlar olması haqda paylaşımı diqqət çəkib. Paylaşıma reaksiya verən hər kəsi xəstəliyin bu qədər gəncləşməsinin səbəbi, ondan qorunmağın başlıca yolları düşündürür. Ümumiyyətlə, son illər yalnız böyüklər deyil, uşaqlar da müxtəlif endokrinoloji xəstəliklərdən əziyyət çəkir. Bu halların səbəbi nədir? Hansı əlamətlərə diqqət yetirməkvə nə zaman həkimə müraciət etmək lazımdır? bu kimi suallara cavab almaq üçün həkimin özünə müraciət etdik.
Cərrah-endokrinoloq News24.az-a bu mövzu ilə bağlı geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Sadiq bəy, sizin bir neçə gün əvvəl sosial şəbəkədəki paylaşımınız ciddi müzakirələr yaratdı. Düzdür, telefonların, bu cür texniki vasitələrin sağlamlığa zərərli olduğunu hamı bilir. Amma qeyd etdiyiniz qədər ağır nəticələr doğurdunu gözləmirdik... Qalxanvari vəz xərçənginin sürətlə artmasının səbəbi təkcə telefonlardırmı?
-Bu son zamanlar çox aktual bir problemdir. Qalxanvari vəz xərçənglərinin, xüsusilə yeniyetmə və azyaşlı insanlarda sürətlə artmasının səbəbini şəxsən mən bir həkim kimi öz praktik fəaliyyətimə dayanaraq telefonlarla əlaqələndirirəm.
Əvvəllər qalxanvari vəz xərçənglərinə adətən, yaşlı nəslin nümayəndələrində daha çox rast gəlinirdi. Bu gün artıq uşaqlarda, yeniyetmələrdə, mən deyərdim ki, yaşlı nəslin nümayəndələrindən daha çox rast gəlinir.
Bu nə ilə əlaqədardır? Təbii ki, xəstə bizə müraciət edəndə mütləq araşdırırıq, özü ilə, valideynləri ilə söhbət edirik: ailədə xərçəng varmı? Çünki ailədə xərçəng varsa, qalxanvari vəz xərçənginə adətən, ailənin bir neçə üzvündə rast gəlinə bilər.
Bu, hamının qəbul etdiyi bir qaydadır. Lakin ailədə heç bir xərçəng olmadığı halda bu ailənin fərdlərində, xüsusilə yeniyetmələrdə, cavan yaşda olan adamlarda xərçəngə rast gələndə sorğu-sual edirik: Nə yeyir, nə içir, harada işləyir, kompüter qarşısında olurmu, oyunlar oynayırmı, şüalanmanın çox olduğu mühitlərdə olurmu?
Bütün valideynlərin dediyi bir cavab var: “Bu uşaq telefonla yatır, telefondan durur”.
İlk olaraq ağla nə gəlir? Təbii ki, bəlkə də bu gün bunun bir sübutu yoxdur. Amma yenə deyirəm, biz praktikada qarşımıza gələn saysız-hesabsız nəticələrə əsaslanaraq bu qənaətə gəlmişik ki, bu gün uşaqlar, gənclər arasında xərçəng xəstələrinin artmasının səbəbi telefondan çox istifadə etməkdir.
Çünki qalxanvari vəz yeganə orqandır ki, ətraf mühitin şüalanmasına birbaşa cavab verir.
- Bu qorxunc durumla üz-üzə qalmamaq üçün valideynlər, insanlar daha çox nəyə diqqət eləməlidirlər? Xəstəliyin vaxtında aşkarlanması üçün hansı addımlar atılmalıdır?
- Bu, ilk növbədə ailə tərbiyəsindən başlayır. Xüsusilə, mən burada anaları günahlandırıram. Nəyə görə? Çünki hamımız uşaq olmuşuq. Uşaq bir az kaprizli olur, yemək yemir və yaxud özünəməxsus aləmi, istəkləri var. Uşaqlarla adətən, evdə kim təmasda olur? Ana. Ata səhərdən axşama qədər işləyir.
Ana uşaq səs salmasın deyə telefonu atır qabağına, uşaq oynayır və beləliklə, uşaqda bir vərdiş yaranır. Yaxud da uşağı telefonsuz yemək yedizdirə bilmirlər.
Bu gün bizdə, təəssüflər olsun ki, analar uşaqlarını belə tərbiyə edirlər. Analıq qayğılarını kənara qoyub, özlərinin rahatlığı üçün uşaqların qabağına telefon atırlar və uşaqları telefonsuz yedizdirmirlər. Və təbii ki, həm yeyir, həm də şüalanır.
Məktəblərdə, şükür Allaha, telefon qoymurlar. Özəl məktəblərdə ümumiyyətlə, telefonların girişi qadağandır. Yalnız, məsələn, çantasında ola bilər ki, valideyn geciksə, məlumat versinlər. Yəni, dövlət öz tərəfindən olan qayğısını yerinə yetirir. Qalır biz valideynlər.
- Sadiq bəy, tək bu orqanın deyil, digər orqanların da xərçəngi sürətlə gəncləşir, artır. Bu qədər ağıllı telefonlar, robot insanlar icad edən elm niyə xərşəngin qarşısında acizdir? Tibb dünyası bunun artmasının, ümumiyyətlə olmamasının bir yolunu niyə tapa bilmir?
- Alimlər süni intellektin yaradılması üzərində işləyirlər. Təbii ki, bunun üzərində dünyada tanınmış mərkəzlər də çalışır. Hələ ki, bir nəticəyə gəlinməyib. Yəqin ki, nəticəyə gəlinəndə hamı biləcək ki, bu nədir.
Mən inanıram ki, tibb bu qədər inkişaf edirsə, xərçəngin səbəbi də tapılacaq. Çünki xərçəng təkcə şüalanmadan yaranmır, bir sıra yaranma faktorları var. Bunu yaradan nədir? İmmun sisteminin zəifləməsidir, ətraf mühitdə şüalanmadır, qidalanmamızın süniliyidir, yoxsa başqa amillərdir? Yəqin ki, elm bunların hamısını sübut edəcək.
- Gənclər arasında erkən yaşlarda şəkərli diabet və insulin dirəncinin artmasının səbəbləri nədir?
- Osteoporozla (sümük əriməsi) əvvəllər yaşlı nəslin nümayəndələrində rastlaşardıq, indi isə gənc nəsildə də rast gəlinir. Bunlar, təbii ki, sosial həyat tərzindən irəli gəlir.
Məsələn, əvvəllər insanlar kənd təsərrüfatı sahələrində işləyirdilər, hər zaman təmiz havada olurdular, istər-istəməz günəş şüası qəbul edirdilər. Tarlalarda, sahələrdə və s. işləyirdilər. Bu gün isə insanların əksəriyyəti ofis şəraitində işləyir. Yəni, günəş şüasından uzaqdır və D vitamini qəbul edə bilmir.
Birinin buna imkanı çatmır, digərinin həyat şəraiti uyğun deyil, başqa biri isə normal şəkildə D vitamini qəbul edə bilir. Təbii qidalarla müqayisədə süni qidaların istifadəsi qat-qat artıb.
Təbii ki, əhalinin sayının artması da burada rol oynayır. Əvvəllər 10 insan üzərində tədqiqat aparılırdısa, bu gün 1000 insan üzərində tədqiqat aparılır və buna uyğun olaraq göstəricilər də artır.
Amma mən endokrinoloji xəstəliklərdən, şəkərli diabetdən, metabolik xəstəliklərdən danışarkən qeyd etmək istəyirəm ki, şəkərli diabetin hansı tipinə daha çox rast gəlinir? İkincili tip. Yəni artıq çəki ilə əlaqəli yaranan şəkərli diabet. Anadangəlmə, yəni birincili tip şəkərli diabetə demək olar ki, əvvəlki qədər rast gəlinmir.
Amma ikincili tip şəkərli diabetə daha çox rast gəlinir. Bu da süni qidalanmanın artması ilə əlaqədardır. Osteoporozun gənc nəslin nümayəndələri arasında artması, insanların D vitamini qəbul etməməsi, təmiz havada və günəş altında kifayət qədər olmaması, günəş şüasını qəbul etməməsi ilə əlaqəlidir.
Ətraf mühitdə şüalanmanın artması isə qalxanabənzər vəz xəstəliklərinin və digər orqanların onkoloji xəstəliklərinin artmasına səbəb ola bilər.
- İnsanlar arasında “kökələ bilmirəm, deməli qalxanabənzər vəzimdə problem var” və ya əksinə, “arıqlaya bilmirəm, hormonlarım pozulub” fikri geniş yayılıb. Artıq çəki ilə hormonal problemlər arasında əlaqə nə qədər böyükdür?
- Artıq çəkinin yaranma səbəblərindən biri də endokrin sistemdə baş verən pozuntular ola bilər. Amma mən sizə deyərdim ki, artıq çəkisi olan insanlarda endokrin problemləri çox az hallarda olur. Məsələn, artıq çəkisi olan 10 insan varsa, bəlkə də onların birində endokrin problemlər var, digər 9 nəfərdə isə artıq çəkinin səbəbi başqadır.
- Uşaqlarda və yeniyetmələrdə sürətli kökəlmə və ya həddindən artıq arıqlama valideynləri nə vaxt narahat etməlidir?
- Vallah, yenə də anaların üzərinə düşürəm. Bəzən deyərlər ki, bu doktorun qadınlarla nəsə problemi var. Amma biz hamımız ana tərbiyəsi də, ata tərbiyəsi də almışıq. Evdə görmüşük ki, ana yemək bişirir, biz də yeyirik.
Bu gün restoranlar necə doludur. Uşaqlar fast-food, çöldə McDonald's və digər bu kimi qidalarla qidalanırlar. Hamısı süni qidalarla qidalanır.
Burada yenə də günahı mən qadınlarda görürəm. Tənbəlləşmə var. Qadınlar öz övladlarına ikinci dərəcəli baxırlar. Halbuki hər bir yemək evdə bişməlidir. Süni qidalardan uzaq olmaq lazımdır. Çipsilər, konservləşdirilmiş qidalar və digər bu kimi məhsullardan mümkün qədər uzaq durulmalıdır.
Təbii qidalara daha çox üstünlük verilməlidir. Uşaqlar idmanla məşğul olmalıdır, təmiz havaya çıxmalı, hərəkət etməli, qaçmalı, futbol oynamalı, üzməlidirlər və s.
Biz valideyn olaraq gənc nəslin, gələcəkdə bizim davamımız olan nəslin sağlamlığının təməlini qoymuş oluruq. Amma bu gün biz də hamı kimi adət etdiyimiz şəkildə davam etsək, təbii ki, gələcək nəsildən nə gözləyirik?
- Sosial şəbəkələrdə “hormonal balansı pozur”, “kortizolu artırır”, “metabolizmi sürətləndirir” kimi çoxsaylı iddialar yayılır. Hansı əlamətlər həqiqətən hormonal problemdən xəbər verir?
- Hormonal balans nə vaxt pozulur, metabolizm nə vaxt pozulur? Çox yeyəndə, az hərəkət edəndə. Qəbul etdiyin kalori ilə xərclədiyin kalori arasında tərs mütənasiblik olur.
İnsan metabolizminin pozulmasını istəmirsə, ən yaxşı halda gün ərzində nə qədər kalori qəbul edirsə, o qədər də kalori sərf etməlidir. Yox, əgər qəbul etdiyin kalorinin miqdarı sərf etdiyin kaloridən artıqdırsa, təbii ki, getdikcə bu, metabolizmin pozulmasına gətirib çıxarır.
- Endokrinoloji xəstəlikləri olan insanlar necə qidalanmalıdırlar ki, kökəlmə və yaxud da həddindən artıq arıqlama baş verməsin?
- Məsələn, ikincili tip şəkərli diabetdə artıq çəki var. O artıq çəkinin səbəbi araşdırılmalıdır. Bəzi xəstəliklər var ki, həmin patologiya ilə əlaqəlidir. O patologiya aradan götürüldükdən sonra insan normal çəkisinə qayıdır.
Məsələn, yumurtalıq xəstəlikləri var, qadınlarda hormonal disbalansla əlaqəli tüklənmə müşahidə olunur. O problem düzəldikdən sonra, təbii ki, insan normal vəziyyətinə qayıdır. Yəni, yenə də dediyim kimi, səbəbsiz heç nə olmur. Xəstəlik də eləcə. Səbəb tapılıb, həmin səbəb müalicə olunmalıdır.
Ola bilsin, həmin səbəb heç xəstəlik deyil, vərdişlərdir. Ola bilsin, düzgün yatmamaqdır. Bunun böyük əhəmiyyəti var.
- Hazırda insanların çoxunda D vitamini çatışmazlığı var. D vitamini ilə endokrinoloji xəstəliklər arasında hansı əlaqə var və hansı hallarda D vitamini çatışmazlığı daha təhlükəlidir?
-D vitamini immun sisteminin tənzimləyicisidir. D vitamini olmayanda bədənin immun sistemi zəifləyir. Orqanizmin müxtəlif xəstəliklərə və ətraf mühitə qarşı müqaviməti azalır.
Məsələn, vərəm çöpləri hər birimizin bədənində ola bilər. Amma hamımız vərəm xəstəsi deyilik, çünki immunitetimiz var. İmmunitet zəifləyəndə həmin vərəm çöpləri inkişaf edir və insan vərəm xəstəliyinə yoluxa bilər.
Xərçəng xəstəliyində də bu belədir. Xərçəng hüceyrələri müəyyən şəkildə bütün insanlarda yarana bilər. İmmunitet möhkəm olduqda isə orqanizm həmin hüceyrələrlə mübarizə aparır.
Eləcə də digər, məsələn, autoimmun xəstəliklər, Haşimoto, qalxanabənzər vəzin digər xəstəlikləri adətən D vitamini çatışmazlığı ilə əlaqəli ola bilər.
D vitamininin sintezi günəş şüalarının bədənə düşməsindən asılıdır. Amma burada qaraciyərin də, böyrəklərin də rolu var. Tutaq ki, kifayət qədər günəş qəbul edən insanın qaraciyərində a və ya böyrəklərində problem varsa, aktiv D vitamininin sintezi pozula bilər.
Təbii ki, həmin insanlar da D vitamini çatışmazlığından əziyyət çəkə bilərlər. Ona görə də bunların hamısı araşdırılmalıdır. O zəncirin hansı halqasında problem varsa, həmin halqa müəyyən edilməlidir ki, orqanizmdə gedən maddələr mübadiləsi düzgün tənzimlənsin.
D vitamini istər süd vəzisi xəstəlikləri, istər qalxanabənzər vəz xəstəlikləri, istər qalxanabənzər vəzin ətraf vəzləri, istər yumurtalıq xəstəlikləri və s. olmaqla, bir sıra endokrin xəstəliklərin yaranmasına bilavasitə təsir göstərə bilər.
- Siz Haşimoto xəstəliyini də qeyd etdiniz. Haşimoto xəstəliyi ilə bağlı narahat edən bir məqam var. Deyilir ki, insan ömrünün sonuna qədər dərman qəbul etməlidir. Bu, həqiqətən də belədir?
-Xeyr, belə deyil. Haşimoto xəstəliyində orqanizm öz vəzisini yad qəbul etməyə başlayır və ona qarşı anticisimlər ifraz edir. Bu anticisimlər zamanla vəzi zədələyir. Vəz zədələndikdən sonra hormonal çatışmazlıq başlayır və həmin halda insan ömrünün sonuna qədər dərman qəbul etməlidir.
Amma vəz hələ zədələnməyibsə və hormonal çatışmazlıq yoxdursa, Haşimoto diaqnozu olan bir çox insan illərlə, hətta 30 il ərzində heç bir dərman qəbul etmədən yaşaya bilər. Yəni, Haşimoto xəstəliyi olan hər kəsin ömürboyu dərman qəbul etməsi fikri doğru deyil.
Yalnız qalxanabənzər vəz hormonlarının çatışmazlığı varsa, o halda hormon müalicəsi təyin olunur. Amma onun da yaranma səbəbi müəyyən olunarsa və həmin səbəb aradan qaldırılarsa, məsələn, D vitamini çatışmazlığı varsa, bu problem aradan qaldırıldıqda vəziyyət də yaxşılaşa bilər və insan dərmanın dozasını azalda bilər.
- Haşimoto xəstəliyi olan insan pəhriz saxlamalıdır?
- Heç bir xüsusi pəhrizə ehtiyac yoxdur. Normal qidalanmaq lazımdır.
- Bəs gələcəkdə hər hansı problem yarada bilərmi? Məsələn, hamiləlik dövründə? Çünki insanlar arasında belə bir fikir yayılıb ki, Haşimoto xəstəliyi gələcəkdə hamiləliyə problem yarada və ya hormonal balansı poza bilər.
- Belə hallar ola bilər. Haşimoto xəstəliyi olan insanda qalxanabənzər vəz zədələnmiş ola bilər. Bu isə vəzin tam fəaliyyət göstərməməsinə gətirib çıxara bilər.
Hamiləlik dövründə isə ananın qalxanabənzər vəzi daha çox işləməli olur. Çünki uşaqda da hormonların sintezi gedir. Xüsusilə hamiləliyin ilk üç ayında buna diqqət etmək lazımdır.
Ona görə də hamiləlik dövründə Haşimoto xəstəliyi olan qadınlar mütəmadi olaraq hormonal testlərdən keçməlidirlər. Lazım gəldikdə dərman təyin olunmalı və ya dərmanın dozası müəyyən edilməlidir.
- Sadiq bəy, endokrinoloji xəstəliklərlə bağlı tövsiyəniz nədən ibarətdir? İlk hansı əlamətləri gördükdə həkimə müraciət etməlidirlər?
-Ümumiyyətlə, hər hansı şikayətləri varsa və bu şikayət bir neçə gün davam edirsə, mütləq həkimə müraciət etsinlər.
Normal həyat tərzi sürsünlər, normal qidalansınlar, təbii qidalara üstünlük versinlər. Şüalanmadan mümkün qədər uzaq olsunlar. Çalışsınlar ki, mobil telefonlardan daha az istifadə etsinlər. Hərəkət etsinlər, idmanla məşğul olsunlar. Ən azından yaşlı insanlar idmanla məşğul ola bilmirlərsə, təmiz havada gəzsinlər. Ən gözəl vasitələrdən biri budur.
Hər gün 5-10 min addım atsınlar. Beləliklə, özümüz öz sağlamlığımızın keşiyində durarsaq, təbii ki, immunitetimiz də möhkəmlənər və xəstəliklər bizə daha az təsir edər.