Cəmiyyət

Sumqayıt zibillik içində batır:

17 Sep 2026, 14:30 3 baxış Admin
Sumqayıt zibillik içində batır:

Sumqayıt şəhərində yaranmış antisanitar vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.
“Bakupost”a müraciət edən şikayətçilərin sözlərinə görə, 9-cu mkr, Üzeyir Hacıbəyov küçəsi 23 ünvanında, “Araz” supermarketinin yaxınlığında yerləşən ərazidə zibil qutuları mütəmadi olaraq daşır. Nəticədə insanların intensiv istifadə etdiyi piyada səkisi zibilliyə çevrilir.
Sakinlər əraziyə zibil şirəsinin axdığını və kəskin üfunət qoxusunun yayıldığını bildirirlər. Onların sözlərinə görə, həm supermarketdən çıxan tullantılar, həm də ətraf ərazilərdən atılan zibillər qutuların qısa müddətdə dolmasına səbəb olur:
“Hər səhərimizi zibillik içində, üfunət qoxusu ilə açırıq. Artıq dözülməz həddə çatıb. Heç bir tədbir görülmür, zibil qutularının sayı artırılmır. “Araz” supermarket də tullantılarını bura atdığı üçün qutular tez-tez daşır. Bura xəstəlik yuvasıdır”, - deyə şikayətçi bildirib.
Sakinlər həmçinin iddia edirlər ki, ərazini təmizləyən işçilər qoruyucu maska, əlcək və xüsusi geyim olmadan tullantıları əl ilə yığırlar.


Məsələ ilə bağlı “Bakupost”un sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev ərazinin təmizləndiyini göstərən görüntüləri təqdim edib.
O bildirib ki, sözügedən ərazi hər gün səhər saatlarında Təmizlik Departamenti tərəfindən təmizlənir.

Lalə, BakuPost


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər