Azərbaycanda kişilər niyə tez ölür?
26 Aug 2026, 14:16
1 baxış
Admin
Azərbaycanda kişilərin gözlənilən ömür uzunluğu qadınlarla müqayisədə daha aşağıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 74,9 il, qız uşaqları üçün isə 79,3 il olub. 2024-cü illə müqayisədə bu göstərici oğlanlarda 0,4 il, qızlarda isə 0,1 il artıb.
Müqayisə üçün, 2000-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 68,6 il, qızlarda isə 75,1 il təşkil edib.
Bəs kişilərin ömrünün qadınlardan daha qısa olmasının səbəbi nədir?
Mövzu ilə bağlı “Bakupost”a səhiyyə eksperti, nevroloq Qalib Əsədov bildirib ki, bu, təkcə Azərbaycanda belə deyil. Onun sözlərinə görə, tarixin bütün dövrlərində və bütün cəmiyyətlərdə kişilərin ömrü qadınlara nisbətən daha qısa olub:
“Bunun bir çox səbəbləri var. Birincisi, genetik faktordur. Qadınlarda iki X xromosomu, kişilərdə isə X və Y xromosomları var. Bu iki X xromosomu müxtəlif genetik xəstəliklərin qadınlarda üzə çıxmasının qarşısını alır.
Daha sonra qadınlarda olan estrogen hormonu damar endotelini qoruyur. Nəticədə qadınlarda insult kimi xəstəliklərə daha az rast gəlinir. Kişilərdə isə estrogenin səviyyəsi çox aşağıdır. Ona görə damar mənşəli pozğunluqlar kişilərdə daha tez baş verir və infarkt, insult kimi xəstəliklər yaranır.
Bundan başqa, kişilər zərərli vərdişlərə daha çox meyillidirlər. Siqaret çəkmək, alkoqol və müxtəlif riskli işlər də buna təsir edir. Kişilərin həyatı daha təhlükəlidir. Məsələn, müharibələrdə və dövlət işlərində daha riskli sahələrdə işləyirlər. Qadınlarda isə bu risk və stress faktoru daha azdır. Ona görə də kişilərin ömrü qadınlara nisbətən daha qısadır və bu hal bütün dünyada, tarixin bütün dövrlərində müşahidə olunub”.
Lalə, BakuPost
Mənbə:
bakupost.az