Qıfıllanmış xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim
06 Aug 2026, 16:42
1 baxış
Admin
Elçin Zahiroğlu
Sarıbaşa gedən yolun harada başladığını demək çətindir. Nə bir işarə var, nə bir lövhə.
Harada bitdiyini isə hamı bilir. Çayın o üzündə, dağın ətəyində. Oradan o tərəfə yol yoxdur.
İlisudan sonra asfalt yoxa çıxır. Daş yol başlayır və bir müddət Kürmükçayın yatağı ilə yanaşı gedir. Uçurumun kənarı ilə cığır kimi görünən vahiməli yol çox keçmir ki, səni çayın içinə salır.
Yay fəsli suyun çoxunu canına çəkib. Amma bu, hələ Kürmükçayın ram olması demək deyil.
Çay bir neçə qola ayrılıb. Hansı qoldan keçəcəyini bilmirsən. Suyun dərinliyi nədir, altında nə boyda daş var, hansının üstündən maşın keçər, hansında ilişər – heç nə görünmür.
Arxadan gələn köhnə UAZ-ın siqnalı bizi saxlayır. Səhv yol seçmişik. Yerli sürücü əl işarəsi ilə geri dönməyimizi göstərir.
Düşünürəm ki, Sarıbaşın çətin yolu əslində elə bu çaydır. Burada bir körpü olsaydı, kənd bəlkə də bu qədər əlçatmaz görünməzdi.
Çayı keçəndən sonra yamaclarda saysız-hesabsız arı pətəkləri yaşıllığa şirinlik qatır. Balın dadını damağımda hiss edirəm.
Sonra daş yol səni yenidən çayla baş-başa buraxır.
Çayı ikinci dəfə keçirik.
Sonra yol dağın döşünə dolanır.
Bir tərəfdə dərin kanyon, o biri tərəfdə sıx meşə… Və birdən dağların qoynunda, sanki çayın unutduğu balaca bir ada görünür - Sarıbaş.
Kəndin girişində iki şəhidin şəkli qarşılayır.
Nəfəsim qırtlağımda düyünlənir.
Bu qədər ucqar, bu qədər kiçik, az qala vətənimizin unutduğu bir kənd də Vətən uğrunda iki oğul verib.
Bizi kəndə aparan Pərviz əslən Sarıbaşdandır.
Üç ildir bura gəlməyib. Kənd görünən kimi səsi dəyişir:
– Elə bil cənnətə gəlmişəm…
Sonra əlavə edir:
– Yol düzəlsə, çox adam geri qayıdar. Buranı heç kim könüllü tərk etməyib.
Bu cümlə yol boyu gördüyüm bütün uçurumlardan daha dərin gəlir.
Kəndin girişində bir ağsaqqal gənc oğlanla kart oynayır.
Söhbət etmək istəyirik. Zarafatla, bir az da ironiya ilə söhbətdən yayınmağa çalışır. Sonra əlini yelləyib deyir:
– Sarıbaş axmaq yerdi, danışmağa dəyməz…
Ardınca da əlavə edir:
– Nə yolumuz var, nə körpümüz, nə məktəbimiz, nə bələdiyyəmiz, nə də icra nümayəndəmiz. Bu kəndin yiyəsi yoxdur.
Kənddə qalanların sayını soruşuram.
Deyir ki, vaxtilə 360 ailə yaşayırdı, indi cəmi 6 ailə qalıb.
Bəlkə söhbət 360 ailədən yox, 360 nəfərdən gedir.
Amma düşünürəm ki, kənd sakini daha doğru deyirdi.
Çünki burada bir nəfər də elə bir ailədir.Bəlkə də bir nəfər elə bir kənddir.Bu kənddə hər bir insanın varlığı bir ocaq, bir yurd qədər qiymətlidir.
Kənddə gəzdikcə cəmi bir neçə sakin gözə dəyir.
Sarışın, gülərüz insanlar.
Bir də bir neçə əsgər.
Qalanlar isə turistlərdir.
Kəndin kənarında süfrə açıb piknik edən xarici ailə diqqət çəkir.
Sonra qıfıllanmış evlər başlayır…
Daş evlərin köhnə taxta qapılarında pas atmış dəmir qıfıllar. Bir evdən uşaq səsi gəlir. Adamın içinə işıq dolur.
Amma həmin evin də qapısı qıfıllıdır.
Etik olmasa da, qapının aralığından içəri baxıram: Görəsən Sarıbaş uşaqları necə olur?
Səs var. Heç kim görünmür.
Maraqlısı budur ki, o uşaq səsi bütün kəndə yayılıb.
Adam elə bilir ki, hər evdə bir uşaq var.
Amma evlərin hamısı boşdur. Həyətlərə boylanıram. Hər tərəfi ot basıb. Günəşə açılan eyvanlar, parıldayan nimdaş pəncərələr, paltar asılqanları, yarıuçuq pilləkənlər…
Bircə divarlar möhkəm görünür. Çay daşından tikilmiş o divarlar zamana meydan oxuyur: qapqara, şüşə kimi.
Kimlər yaşayıb bu evlərdə?Kimlər böyüyüb burada?İndi haradadırlar?Bu evlər üçün darıxan neçə insan var?Neçə xatirə, neçə tale bu qıfılların arxasında qalıb?
Sarıbaş təkcə dağların qoynunda gizlənmiş bir kənd deyil. Sarıbaş qıfıllanmış xatirələrin kəndidir.
Kənddən ayrılırsan. Amma kənd səndən ayrılmır.Qulağında tərk edilmiş evlərdən gələn o uşaq səsi. Bəlkə də bu kəndin hələ də ümidini itirmədiyini deyən yeganə səs elə odur.
Və istər-istəməz düşünürsən:
Kaş dayanıb bu yurdu, bu səsi sahibləri qayıdan günə qədər qoruya biləydim…
Mənbə:
bakupost.az