Mənzil alarkən bu 7 məqama diqqət edin!
27 Jul 2026, 21:00
4 baxış
Admin
Son illər mənzil almaq istəyən vətəndaşlar qarşısında ən çox müzakirə olunan məsələlərdən biri yeni tikili ilə köhnə tikili arasında seçimdir. Hər iki variantın qiymət, keyfiyyət, yerləşmə və gələcək investisiya baxımından öz üstünlükləri və çatışmazlıqları var.
"Bakupost" xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı Vüqar Oruc Demokrat.az-a bunun ilk növbədə, zövq məsələsi olduğunu bildirib:
“Bəzi insanlar yeni tikiliyə üstünlük verir, bəziləri isə köhnə tikililərin həvəskarıdır. Açığı, köhnə binaların əksəriyyəti şəhərin mərkəzində yerləşir. Bunlar əvvəllər inşa edilmiş, lakin bu gün də bazardakı mövqeyini qoruyub saxlayan binalardır. Məhz şəhərin mərkəzində yerləşdiklərinə görə həmin mənzillər yüksək qiymətə təklif olunur. Baxmayaraq ki, onların istismar müddəti demək olar ki, başa çatmaq üzrədir, qəzalı vəziyyətdə olmadıqları üçün digər ərazilərdə yerləşən köhnə tikililərlə müqayisədə daha yaxşı vəziyyətdədirlər. Bu səbəbdən də onların hələ də alıcıları var. Əgər vətəndaş uzun istismar müddətinə malik, müasir tikinti materialları ilə inşa edilmiş, müasir tikinti həllərini özündə birləşdirən və uzunmüddətli istifadə üçün nəzərdə tutulan bina axtarırsa, təbii ki, yeni tikiliyə üstünlük verməlidir. Lakin yeni tikili seçərkən xüsusi diqqət yetirilməli olan məqam inşaat şirkətidir. Həmin binanı tikən şirkətin fəaliyyəti, bazardakı nüfuzu, müştərilərlə bağlı hər hansı ciddi problemlərinin olub-olmaması, eləcə də əvvəllər inşa etdiyi binalarda sonradan hər hansı qüsurların yaranıb-yaranmaması araşdırılmalıdır. Ümumilikdə yeni tikililər üstün hesab olunsa da, elə binalar var ki, yeni olmasına baxmayaraq, keyfiyyət baxımından bəzi köhnə tikililərdən də zəifdir. Hətta bir sıra binaların bu günədək təhvil-təslim aktları verilməyib və onlar sənədsiz fəaliyyət göstərirlər. Belə binalarda yaşayan sakinlər Dövlət Əmlak Xidmətindən çıxarış ala bilmirlər”.
O qeyd edib ki, ona görə də seçim üç əsas amildən asılıdır:
“Birincisi zövq, ikincisi vətəndaşın planlaması, üçüncüsü isə büdcəsidir. Əgər ailənin yeni tikili almağa maddi imkanı yoxdursa, təbii ki, köhnə tikiliyə üz tutacaq. Çünki köhnə tikililər həm sahə baxımından fərqlənir, həm də qiymət baxımından daha münasibdir. Məsələn, köhnə tikilidə ikiotaqlı mənzil təxminən 50 kvadratmetr olduğu halda, yeni tikilidə eyni sahə birotaqlı mənzil ola bilər. Planlaşdırma fərqli olduğuna görə maddi imkanları məhdud olan ailələr daha çox köhnə tikililərə üstünlük verirlər. Bundan əlavə, köhnə tikililər qiymət baxımından yeni tikililərdən bir çox hallarda 30 faiz, bəzi hallarda isə hətta 50 faiz daha ucuz olur. Bu da ailə büdcəsinə daha uyğun seçim hesab edilir. İnvestisiya baxımından yanaşsaq, əgər məqsəd gələcəkdə söküntü zamanı daha yüksək kompensasiya əldə etməkdirsə, köhnə tikili almaq məqsədəuyğundur. Yox, əgər məqsəd mənzili kirayəyə vermək və ya gələcəkdə qiymət artımından daha çox qazanc əldə etməkdirsə, bu halda yeni tikiliyə üstünlük vermək daha məqsədəuyğundur. Şəxsən mən mütəxəssis kimi yeni tikililərin tərəfdarıyam. Bunun səbəbi onların daha uzun istismar müddətinə malik olması və qiymətlərinin köhnə tikililərlə müqayisədə daha sürətlə artmasıdır. Bundan başqa, gələcəkdə ipoteka kreditləşməsində əsas üstünlüyün yeni tikililərə verilməsi ehtimalı var. Çünki köhnə tikililər mərhələli şəkildə sökülür və Bakı şəhərinin Baş Planı–2040 çərçivəsində bu prosesə artıq start verilib”.
Ekspertin sözlərinə görə, ilk növbədə, mənzilin hüquqi vəziyyətinə diqqət yetirilməlidir:
“Mənzilin çıxarışının olub-olmaması ən vacib məsələlərdən biridir. Çünki mülkiyyət hüququ yalnız Dövlət Əmlak Xidməti tərəfindən verilən çıxarışla təsdiq olunur. Çıxarışı olmayan mənzildə yaşamaq ciddi risklər yarada bilər. İkinci mühüm amil tikintinin keyfiyyətidir. Binanın hansı şirkət tərəfindən inşa olunması, tikinti norma və standartlarına nə dərəcədə əməl edilməsi, yeraltı parkinqin mövcudluğu, istifadə olunan tikinti materiallarının keyfiyyəti, istilik və səs izolyasiyası, enerji səmərəliliyi kimi məsələlər mütləq araşdırılmalıdır. Üçüncü amil yerləşmədir. İnfrastrukturun inkişaf etdiyi və ya yaxın gələcəkdə inkişaf edəcəyi gözlənilən ərazilərdə yerləşən mənzillər daha perspektivlidir. Dördüncü amil təklif olunan qiymətin bazar qiymətinə uyğun olub-olmamasıdır. Bunun üçün bazar araşdırması aparmaq, zərurət olduqda konsaltinq və ya qiymətləndirmə xidmətlərindən istifadə etmək məqsədəuyğundur. Digər vacib məsələ nəqliyyat əlçatanlığı və mənzilin investisiya potensialıdır. Gələcəkdə həmin mənzilin kirayə gəliri, ətraf ərazilərdə yeni tikililərin inşası, infrastrukturun genişlənməsi, yeni metro stansiyalarının, tramvay xətlərinin, park və istirahət məkanlarının salınması kimi amillər mənzilin dəyərinə birbaşa təsir göstərir. Sonuncu vacib məqam isə likvidlikdir. Yəni ehtiyac yarandıqda həmin mənzili tez satmaq mümkün olacaqmı, bazarda ona tələbat varmı? Bütün bu amillər dəqiqləşdirildikdən sonra mənzil almaq barədə qərar vermək daha məqsədəuyğundur”.
Mənbə:
bakupost.az