"Pensiya yaşının artırılacağı barədə deyilənlər..." - Deputatdan açıqlama
Son günlər pensiya yaşının artırılacağı ilə bağlı iddialar yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan məlumatlarda bildirilir ki, ilin sonuna qədər Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşının artırılması ilə bağlı qərar qəbul oluna bilər. Bu məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub və vətəndaşlar arasında suallar yaradıb.
Bəs pensiya yaşının artırılması ilə bağlı yeni müzakirələr aparılır? İlin sonuna qədər bu istiqamətdə hər hansı qərarın verilməsi gözlənilirmi?
Məsələ ilə bağlı News24.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, hələlik bu məsələ ilə bağlı hər hansı bir dəyişiklik gözlənilmir:
“Əslində belə söhbətlərə ehtiyac yoxdur. Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı qanunvericiliklə müəyyən edilib və bu yaş həddi ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Hazırda pensiya yaşının artırılması və ya azaldılması istiqamətində heç bir rəsmi müzakirə aparılmır. Vətəndaşlar bilməlidirlər ki, hazırda qüvvədə olan pensiya yaşı əvvəlki qərarlar və islahatlar çərçivəsində müəyyənləşdirilib. Bu məsələ ilə bağlı bütün hüquqi prosedurlar artıq tamamlanıb və yeni qərarın hazırlanması gündəmdə deyil".
Deputat qeyd edib ki, son zamanlar bu kimi şayiələr yayılır:
"Sosial şəbəkələrdə və müxtəlif platformalarda pensiya yaşının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar və şayiələr yayılır. Lakin bu cür məlumatlar həqiqəti əks etdirmir. Rəsmi mövqe ondan ibarətdir ki, qüvvədə olan pensiya yaşı dəyişməz olaraq qalır".